Türkiyədə terrorla mübarizədə yeni mərhələ: silahlar susacaq? Dünya

Türkiyədə terrorla mübarizədə yeni mərhələ: silahlar susacaq?

Türkiyə uzun illərdir müxtəlif terror təşkilatlarına qarşı mübarizə aparır və bu, ölkənin təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biridir. Son illərdə həyata keçirilən hərbi əməliyyatlar, hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti nəticəsində bu istiqamətdə müəyyən irəliləyişlər də əldə olunub. Bu çərçivədə atılan addımlar sırasında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsidir. Bu barədə danışan TBMM sədri Numan Qurtulmuş TBMM-yə təqdim ediləcək sözügedən qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrünün başa çatacağını bildirib. O, bununla da Türkiyədə yeni dövrün başlayacağını deyib.
Bəs bu qanun layihəsi həqiqətən də PKK-nın tam tərksilah olunmasını təmin edəcək?
“Xalq Cəbhəsi” sual ətrafında millət vəkilləri, politoloqların fikirlərini öyrənib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, qardaş Türkiyə 40 ildən çoxdur ki, terrora qarşı mübarizə aparır və bu illər ərzində terrorun aradan götürülməsi üçün 2 trilyon dollardan çox pul xərcləyib: “Məsələ ondadır ki, Türkiyəyə qarşı terror yerli dinamiklərin və yerli ictimai münasibətlərin yaratdığı terror deyil, Türkiyənin bəzi NATO müttəfiqləri və bəzi qonşularının qardaş ölkəni zəiflətmək və bölmək üçün həyata keçirdikləri bir layihədir. Ancaq 40 illik terror dövründə, yəni 1984-ci ildən bu günə qədər davam edən müddətdə Türkiyə savaşa-savaşa gücləndi, eyni zamanda, ideoloji müstəvidə öz vətəndaşları arasında həmrəylik yaratmağı bacardı. Bu, əslində, ikiqat nailiyyətdir”.
“Qardaş ölkə terroru öz sərhədlərindən kənara ata bildi”
Deputat vurğulayıb ki, Türkiyə silahlı mübarizənin önünə keçməyi bacardı, terroru öz sərhədlərindən kənara ata bildi: “Sonra isə öz sərhədlərindən kənarda da terrora qarşı mübarizə apararaq öz bütövlüyünü qoruya bildi. Bununla bərabər ölkə daxilində ümumi vətəndaşlıq həmrəyliyi yaratmaq məqsədlərinə də nail olmağı bacardı. Ona görə də düşünürəm ki, qardaş ölkənin Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun səsləndirdiyi fikirlər həqiqətən də Türkiyə üçün çox əhəmiyyətlidir, həmçinin böyük gələcək vəd edir. Yəni doğrudan da önümüzdəki mərhələdə əldə olunmuş bu nailiyyətlər hüquqi müstəviyə keçirilərsə, Türkiyə terrora birdəfəlik son qoymağı bacaracaq. Bu, bizi sevindirir. Çünki Türkiyə bizim strateji müttəfiqimizdir, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Həm də bu, Azərbaycanın güclənməsi mənasını ifadə edəcək”.
“Bu istiqamətdə addımlar dövlət iradəsinin göstəricisidir”
Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Türkiyənin bu istiqamətdə atdığı addımlar dövlət iradəsinin, milli birliyin və hüquqi mexanizmlərin vəhdətinin göstəricisidir: “Numan Qurtulmuşun səsləndirdiyi fikirlər də onu göstərir ki, Ankara artıq terrorla mübarizəni yeni mərhələyə daşımaq niyyətindədir. Əgər qəbul ediləcək qanun layihəsi terror təşkilatlarının qeyd-şərtsiz ləğvini, bütün silahlı qrupların tam şəkildə silahı yerə qoymasını və bu proses üzərində effektiv dövlət nəzarətini təmin edərsə, PKK-nın silahlı fəaliyyətinin başa çatdırılması üçün mühüm hüquqi və siyasi zəmin formalaşa bilər. Lakin terrorizm yalnız silahla deyil, onu qidalandıran ideoloji, maliyyə və xarici dəstək şəbəkələri ilə də mübarizə tələb edir. Buna görə də qanunun uğuru onun kağız üzərində qalmasından deyil, ardıcıl, prinsipial və qətiyyətli şəkildə icra edilməsindən asılı olacaq. Türkiyə dövləti uzun illərdir terrora qarşı ciddi təcrübə qazanıb və bu gün atılan addımlar həmin mübarizənin məntiqi davamı kimi qiymətləndirilməlidir...”.
“Bu, ölkə xaricindən idarə olunan problemdir”
Politoloq Elçin Xalidbəyli bildirib ki, PKK problemi Türkiyəni onilliklər boyu ciddi şəkildə narahat edən bir problemdir: “Bu problemin əsas qaynağı Türkiyənin daxilində kimi görünmüş olsa da, əslində, belə deyil, bu, ölkə xaricindən idarə olunan problemdir. Hətta bu problemi kürd problemi kimi də təqdim etməyə çalışırlar, amma əslində, Türkiyənin kürd problemi yoxdur, Türkiyənin PKK problemi var. PKK problemi isə kənardan idarə olunur”.
“Yeni qanun problemin həllində rol oynaya bilər”
E.Xalidbəyli söyləyib ki, Türkiyəyə qarşı mübarizə aparan bəzi dövlətlər PKK terror təşkilatını həm maliyyələşdirir, həm də onun Türkiyəyə qarşı fəaliyyətini istiqamətləndirirlər: “Bu baxımdan təbii ki, Türkiyə Böyük Millət Məclisində qəbul edilən yeni qanun bu problemin həllində müəyyən rol oynaya bilər. Ancaq əsas problem kənarda olduğuna görə problemin tam həll edilib-edilməyəcəyi hələlik müəmmalı qalır. Çünki bir müddət öncə PKK terror təşkilatının tərksilah olunması ilə bağlı anlaşma əldə olunmuşdu. Amma təəssüf ki, bu proses yarımçıq qaldı və sona çatdırılmadı”.
“Bu dövlətlər PKK-nın mövcudluğunda maraqlıdır”
Politoloq əlavə edib ki, PKK-nın tərksilah prosesinin birmənalı şəkildə yekunlaşdırılacağına tam təminat yoxdur: “Çünki PKK-nı idarə edənlər, arxasında duranlar Türkiyənin qlobal məkanda rəqibi və yaxud da düşməni olan bəzi dövlətlərdir. Bu dövlətlər də PKK-nın mövcudluğunda maraqlıdırlar. Bu baxımdan hesab etmək olar ki, PKK probleminin tam yekunlaşması üçün son nəfərə qədər tərksilah olunaraq belə bir təşkilatın ləğv edildiyinin birmənalı şəkildə elan edilməsi və təsdiqlənməsi olduqca vacibdir”.

Röya İsrafilova