
44 günlük haqq savaşımızda xalqımızın mərd övladları Vətənin qeyrətini hər şeydən üstün tutaraq qanları bahasına 30 il düşmən tapdağında olan müqəddəs yurd yerimiz-Qarabağı işğaldan azad etdilər. Tariximizin ən şanlı səhifəsi olan bu mübarizədə adı xalqın yaddaşına qızıl hərflərlə həkk olunan minlərlə Azərbaycanın qəhrəman övladlardan bir də Biləsuvar rayonu, Günəşli kəndində dünyaya göz açan şəhid Teymur Faiq oğlu Abdullazadədir. Vətənə olan sonsuz sevgisi və sədaqəti Teymuru ömrünün ən gənc cağında-19 yaşında şəhidlik zirvəsinə ucaltdı. O, cismən aramızdan getsə də, könüllərə köç etməklə örnək olacaq əbədi bir nurlu həyat qazanıb.
Doğma yurduna bağlılıq qanında, canında olan Teymur orta məktəbi yaxşı qiymətlərlə bitirib. Adına can dediyi, hər qarışını özünə əziz bildiyi doğma Azərbaycanın müqəddəs bir parçası olan Qarabağa yağı basqını onun ali təhsil almaq arzusunu arxaya salıb. Öz doğma yurdunun əsgəri olub Vətənini müdafiə etməyi daha müqəddəs iş sayıb. Ürəyində mənfur erməni dığalarına qarşı nifrət cəbhə bölgəsində əyninə şanlı forma geyinib.
Xidmətə başladığı ilk gündən düşmənə qarşı amansız olacağına anda içən Teymur komandirlərin tapşırıqlarını ləyaqətlə yerinə yetirib, Vətənini göz-bəbəyi kimi qoruyub. Hətta bir neçə dəfə dığalarla üz-üzə gəlib, onlara yaxşı dərs də verib. Eləcə də bütün vacib təlimlərdə fəallıq göstərən Teymur öz şəxsi nümunəsi ilə əsgər yoldaşlarının ürəyində Vətənə məhəbbət, cəsurluq, kişilik, yağıya qarşı isə nifrət hisslərini alovlandıra bilib. Son dərəcə mərd, cəsur, ağıllı bir gənc olaraq zabitlər, əsgərlər onun hörmətini, xətrini əziz tutublar.
Əsgər Teymur həm də Vətən torpaqların azadlığı uğrunda döyüş əməliyyatlarına qoşulması üçün hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyib. Həmişə də deyib ki, əsir Qarabağımız yalnız şəhid qan ilə Vətən olar. Bunun üçün yağıya qarşı döyüşmək lazımdır. Qisas günü ön sırada mən gedəcəyəm və hər qarşı torpaq uğrunda son damla qanıma qədər döyüşəcəyəm.
İkinci Qarabağ müharibəsi başlananda Teymur Abdullazadə ön cəbhəyə yollanıb. Odun, alovun içinə girəni yağıya qan qusdurub. Vətənə sevgidən yaranan İgidliyi, fədakarlığı erməni dığalarını lərzəyə salıb. Böyük rəşadət göstərməklə müharibənin ən ağır məqamlarında belə bir addım geri çəkilməyib. Neçə-neçə ölüm-dirim savaşında düşmənin xeyli sayda texnika və canlı qüvvəsini məhv edib, hünəri hamını heyran qoyub. Döyüşdən-döyüşə bərkiyən igid əsgər hər savaş günü bir tarix yazmaqla yadda qalıb.
2020-ci il oktyabrın 16-da Ağdərə istiqamətində gedən ağır müharibə meydanına girib, bu onun son döyüşü olub. Ölümcül yaralansa da, dığaların qarşısında əyilməyib, döyüşə-döyüşə şərəfli şəhidlik zirvəsinə yüksəlib. Doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Günəşli kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun uyduğu müqəddəs torpaq indi kənd sakinlərinin ən çox gül-çiçəyə qərq etdiyi qürur yerinə dönüb. Dövlət də öz qəhrəman oğlu Teymur Abdullazadəni ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" Suqovuşanın və Ağdərənin azadlığına görə medallara layiq görüb.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü