Ukrayna Trampdan “Patriot” istəyib Dünya

Ukrayna Trampdan “Patriot” istəyib

Tramp isə hələ qərar verməyib

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Ukraynanın yaxın ayları və qışı keçirməsi üçün 300 ədəd “Patriot” raketi istəyib. Məqsəd odur ki, Ukrayna bu müddətdə öz “Patriot” raketlərinin istehsalına başlaya bilsin. Lakin Tramp qərar verməyə tələsmir.
Avstriya Silahlı Qüvvələrinin Baş Qərargah polkovniki və hərbi ekspert Markus Raysner deyib ki, hazırda Ukrayna üçün vəziyyət son dərəcə ağırdır: “Prezident Vladimir Zelenskinin sözlərinə görə, təkcə şənbə gününə keçən gecə Ukraynaya buraxılan 27 ballistik raketdən cəmi biri vurula bilib”.
Məlumatlara əsasən, Avropanın hava hücumundan müdafiə sistemlərində də vəziyyət ürəkaçan deyil: “Güman etmək olar ki, bu sistemlər üçün ümumiyyətlə raket yoxdur və ya çox az qalıb”.
Onun sözlərinə görə, genişmiqyaslı müharibənin beşinci ilində olmasına baxmayaraq, bu sistem üçün sursat istehsalı hələ də əhəmiyyətli dərəcədə artırılmayıb. ABŞ isə ildə təxminən 650 “Patriot” raketi istehsal edir və yaxın illərdə istehsalı üç dəfə artırmaq üçün artıq müqavilələr bağlayıb.
Ekspert hesab edir ki, ABŞ arsenalının mühüm hissəsi Vaşinqtonun “bloklama ehtiyatı” adlandırdığı strateji ehtiyatda saxlanılır. Bu ehtiyatlar ABŞ-a və ya onun əsas müttəfiqlərinə hücum ediləcəyi halda bir neçə zərbəni dəf etmək üçün müttəfiqlərə verilmədən qorunur.
Raysnerin qiymətləndirməsinə görə, söhbət ən azı yüzlərlə raketdən gedir və Zelenskinin də məhz bu ehtiyatı nəzərdə tutduğu ehtimal edilir: “Tramp "Patriot" tədarükünü rədd etməklə Zelenskiyə təzyiq göstərməyə çalışır və eyni zamanda Kremli danışıqlara sövq edir. Həmçinin ABŞ Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün kəşfiyyat və hədəf məlumatları təqdim etməyə davam edir”.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib ki, Trampın ehtiyatlı davranmasının səbəbi tamamilə praqmatik xarakter daşıyır. Bir ballistik raketi zərərsizləşdirmək üçün çox vaxt iki "Patriot" raketi buraxılır. Əgər Ukrayna Prezidentinin ABŞ-a səfəri zamanı Kiyevə eyni vaxtda 40–46, bir neçə gün sonra isə daha 25–30 ballistik raket atılsaydı, təkcə bu hücumların dəf edilməsi təxminən 65–152 ədəd ələkeçirici raket tələb edə bilərdi (çünki hədəfi vurmağı təmin etmək üçün raketlər cüt-cüt buraxıla bilər).
"Bu, Ukraynanın tələb etdiyi miqdarın dörddə biri ilə yarısı arasındakı həcmə bərabərdir – üstəlik, bu rəqəmlər enerji infrastrukturuna qarşı qış hücumları hələ başlamazdan əvvəlki vəziyyəti əks etdirir. Bunun dövlət sirri olduğunu anlayırıq, lakin açıq mənbələr göstərir ki, ABŞ hər biri təxminən 4 milyon dollara başa gələn bu cür raketlərdən ildə təxminən 600–700 ədəd istehsal etmək gücünə malikdir. Mövcud ehtiyatların əhəmiyyətli bir hissəsi Körfəz müharibəsi zamanı istifadə olunub. Beləliklə, belə bir nəticəyə gəlmək olar: əgər ABŞ həmin raketlərin hamısını Ukraynaya ötürülməsi üçün avropalılara satsaydı (özü və ya müttəfiqləri üçün heç nə saxlamadan), belə halda belə, ilin sonuna qədər təkcə Kiyevin müdafiəsini təmin etmək üçün kifayət qədər raket olmazdı.
Nəticə etibarilə, raketdən müdafiə sahəsində digər, daha ucuz və texnoloji cəhətdən daha sadə həll yolları axtarmaq və ya atəşkəs kimi siyasi və diplomatik həllərə yönəlmək zəruridir. Eyni zamanda, Ukrayna səmasını məhz hazırda qorumaq üçün dünyanın müxtəlif yerlərindəki ehtiyatlardan raketlərin təmin edilməsini davam etdirmək vacibdir" - o, qeyd edib.
Politoloq Çingiz Şahbazinin fikrincə, ABŞ Prezidenti Donald Trampın, Ukrayna prezidenti Volodimir Zelenskinin 300 ədəd Patriot raketlərinin istəyi üzərinə ehtiyatlı davranmasının səbəbləri müxtəlif ola bilər. Burda ən böyük səbəblərindən biri ABŞ-ın özündə “Patriot” raketlerinin məhdud sayda olmasıdır və bu səbəbdən ABŞ-ın özündə bu raketlərə hər an ehtiyac yarana bilər ehtimalı yüksəkdir: "Yaxın Şərqdəki gərginlik , ABŞ qüvvələrinin müdafiə ehtiyacları və müttəfiqlərin tələbatı səbəbindən Vaşinqton bu sistemləri Ukraynaya göndərməkdə tələsmir. Bununla bağlı prezident Tramp da açıq şəkildə bəyan edib ki, “Patriot”larımız var, amma, məhdud sayda olduğundan , onların böyük qismini özümüz üçün saxlamalıyıq. Digər tərəfdən isə Tramp bəyan etmişdi ki, bu raketlərin istehsalı üçün Ukraynaya lisenziya veriləcək. Sonradan bu mövqeni yumşaldaraq bildirdi ki, bu haqda hələlik razılıq verilməyib. Arqument isə ondan ibarətdir ki , bu texnologiya çox həssasdır və gələcəkdə ABŞ -ın maraqlarına qarşı istifadə oluna bilər. Bu nöqteyi-nəzərdən bu texnologiyanın paylaşılması riskli hesab olunur. Daha bir səbəb ondan ibarətdir ki, Tramp müharibənin daha da genişlənməsini istəmir və diplomatik kanalları və gələcəkdə manevr imkanlarını qoruyub saxlamaq üçün, Zelenskinin bu istəyini yerinə yetirməkdən boyun qaçırır. Administrasiya hesab edir ki, hərbi dəstək davam etsə də, ABŞ birbaşa münaqişənin daha da dərinləşməsinə səbəb olacaq addımları ölçüb biçmək məcburiyyətindədir. Bu baxımdan Trampın Ukrayna ilə bağlı siyasətində dəyişkənlik olmadığı qənaətindəyəm və hər zaman olduğu kimi, indi də onun adminstrasiyası Ukraynaya dəstəyi dayandırmaq düşüncəsində olmadığını qeyd etmək istəyirəm. Lakin bu dəstək ABŞ-ın təhlükəsizliyinə, silah ehtiyatlarına, strateji texnologiyalarına zərər verməyəcək halda davam edə bilər. Buna görə də Zelenskinin tələbi, 300 Patriot raketlərinin təcili verilməsi hazırkı durumda real görünmür və hesab ki, ABŞ daha çox mərhələli yardım və alternativ hava hücumlarından müdafiə variantlarını nəzərdən keçirir".

Cavid