Baş Prokuror bir sıra görüşlər keçirib Hadisə

Baş Prokuror bir sıra görüşlər keçirib

Baş Prokuror Zakir Qaralov Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanların 3-cü iclası çərçivəsində bir sıra görüşlər keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Zakir Qaralov Türkiyə Baş prokurorunun müavini Halil Adıgözəlin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş prokuror iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.
Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Halil Adıgözəl dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
Zakir Qaralov həmçinin Pakistan İslam Respublikasının Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şahın, İran İslam Respublikası Baş Təftiş Təşkilatının sədri Naser Seracın və İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Seyed Calaluddin Ələvinin başçılıq etdiyi nümayəndə heyətləri ilə də görüşüb.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.