Valideyn hansı halda övladının cəzasını çəkəcək? Hadisə

Valideyn hansı halda övladının cəzasını çəkəcək?

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Layihə qəbul olunsa, məcəlləyə yeni 522-ci (Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi) maddəsi əlavə ediləcək.
Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə, valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə ediləcək. Sputnik Azərbaycan müzakirəyə çıxarılan dəyişikliyin cəmiyyətə necə təsir edəcəyini araşdırıb. Millət vəkili Fazil Mustafa bildirib ki, yeni qanuna əsasən, valideynlər bilərəkdən uşaqların tütün və alkoqollu içkilərdən istifadə etməsinə şərait yaradırsa və valideyn uşağı bu məhsullarla təmin edirsə, bu zaman o, cərimə oluna bilər: "Amma uşaq valideynin xəbəri olmadan, gizlin şəkildə bunlardan istifadə edirsə, o zaman ana və ata cərimələnə bilməz". Fazil Mustafa əlavə edib ki, yeni qanun qəbul ediləndən sonra Prezident bununla bağlı sərəncam verəcək: "Qanunda bu öhdəliyin hansı aidiyyatı orqana həvalə edilməsinin adı açıqlanacaq və onlar bu qanuna nəzarət edəcəklər".
"O ki qaldı satıcıların cərimələnməsinə, onların yetkinlik yaşına çatmayan uşaqlara spirtli içki və siqaret satmasını qadağan edən qanun çoxdan qəbul edilib. Amma bu qanun çox zaman pozulurdu. İnsanlar rüşvət alır və digər insanların hüquqlarını pozur. Buna görə də, bəzən qanunu pozanlar cəzalanmır. Təbii ki, yeni qanun qəbul olunandan sonra da cəza almayanlar olacaq və qanunsuz satışlar davam edəcək" — millət vəkilib bildirib.