Artur Rasizadə Estoniya xarici işlər nazirini qəbul edib Hadisə

Artur Rasizadə Estoniya xarici işlər nazirini qəbul edib

Dünəb baş nazir Artur Rasizadə Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Sven Mikseri qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən Artur Rasizadə qeyd edib ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, eləcə də Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir.
Baş nazir bu baxımdan ölkələr arasında davam edən xoşməramlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün siyasi iradə və zəruri hüquqi bazanın mövcud olduğunu bildirib. Görüşdə vurğulanıb ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları, ticarət, turizm, humanitar sferalarda dövlət və özəl sektor təmsilçilərinin müştərək layihələr üzərində işləməsi, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin mənafeyinə uyğundur. Qeyd olunub ki, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu şəraitdə mövcud potensialdan daha səmərəli istifadə etmək vacibdir.
Qəbul zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə münaqişənin nizama salınması istiqamətində ölkə rəhbərliyinin göstərdiyi səylərdən, lakin bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışıb. Baş nazir bir daha xatırladıb ki, məsələnin həlli yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.
Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi olub.