Azərbaycan zirehli maşınların seriyalı istehsalına başlayır Hadisə

Azərbaycan zirehli maşınların seriyalı istehsalına başlayır

Hesabat dövründə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. MSN-dən verilən məlumata görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov MSN-nin müəssisələrində 2017-ci ilin birinci yarım ilinin yekunlarına dair səyyar kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb: "İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan "Tufan" minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib. Hazırda, zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə -"Yalquzaq" snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub".
Yavər Camalov deyib ki, cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və s. məmulatların silahlanmaya tövsiyə edilməsi nəzərdə tutulur.
O bildirib ki, birinci yarım ildə istehsal olunan ümumi məhsulun 92 faizini müdafiə və xüsusi təyinatlı, 8 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir: "Ölkə prezidentinin tapşırığına əsasən idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə respublikanın müvafiq qurumlarının sifarişləri əsasında illik istehsal gücü 3000 ədəd olan "Dalma" tipli dərinlik su nasoslarının müəssisədə istehsalı sahəsi yaradılıb və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsinə başlanıb. Hesabat dövründə nazirliyin qarşısında duran əsas prioritet məsələlərdən biri də dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənaye kompleksinə daxil olan şirkət və firmalarla mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni əlaqələrin yaradılması olub. Bu istiqamətdə aparılan danışıqların nəticəsidir ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan milli məhsullar beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilir".
Nazir qeyd edib ki, bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan xüsusi təyinatlı məhsullardan - döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir: "Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur".