Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti Hadisə

Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti

Valdis Zatlers: "Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar"

Hikmət Çətin: "Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək"

Daniel Qoldstern: "Biz bu Forumda qlobal siyasi məsələləri də öyrənməkdə maraqlıyıq"

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 22-də işini seminarla davam etdirib. "Qadın və kişilər fərqli şəkildəmi liderlik edir? Mədəniyyətlər fərqli şəkildəmi liderlik edir? Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?" mövzusunda seminarda Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko, Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Livanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi çıxış ediblər. Katerina Yuşenko dünyada baş verən proseslərə qadınların təsirindən, onların iqtisadiyyatın bir çox sahələrinə verdikləri töhfələrdən, ailədə oynadıqları mühüm roldan danışıb. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib. Rosen Plevneliev qadınların siyasətdə, cəmiyyətdə oynadığı rolu xüsusi vurğulayıb. O, idarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunub. Vurğulayıb ki, bu, ən yaxşı nəticələr əldə etməyə kömək edəcək.
Farida Allaghi qadınların liderlik xüsusiyyətlərindən söhbət açıb. O, liderlik edən qadınların daha demokratik olduğunu bildirib F.Allaghi, həmçinin gənclərin, xüsusən də gənc qadınların cəmiyyətdə oynadıqları rolu qeyd edib, onların siyasi məsələlərin həllinə töhfələrini yüksək qiymətləndirib. Bir çox ölkələrdə qadınların yüksək vəzifələr tutduqlarını, lakin medianın bunu kifayət qədər işıqlandırmamasının təəssüf doğurduğunu bildirən F.Allaghi deyib: "Kişilər əlbəttə ki, dünyada mühüm rola malikdirlər, vacib işlər görürlər, qərarlar qəbul edirlər, lakin qadınları yaddan çıxarmamalıyıq, qadınlar heç vaxt kənarda qalmamalıdırlar. Bu gün dünyada baş verən proseslərə təsir etmək, böhrandan çıxmaq üçün səylərimizi birləşdirməliyik. Gender bərabərliyi gələcəyimiz üçün çox vacibdir", - deyə o vurğulayıb. Seminarın sonunda gənc liderlərin sualları cavablandırılıb.
Forumda iştirak edən Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib ki, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir" Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir: "Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir". Sabiq prezident əlavə edib ki, fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur: "Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır".
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin söyləyib ki, Qlobal Gənc Liderlər Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı önəmli tədbirlərdən biridir: "Gələcəyə baxmaq, problemlərin həllinə müxtəlif baxışlardan, nöqteyi-nəzərlərdən yanaşmaq lazımdır. Bu gün dünyamız bir çox problemlərlə qarşılaşıb. Elə problemlər var ki, həllini tapmayıb. Müharibələr, eləcə də etnik, məzhəb qarşıdurmaları mövcuddur. Bəzi həll olunmamış problemlər var ki, onların həllində ümid gənclərədir. Ona görə də gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir". Onun fikrincə, Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən - Afrikadan, Asiyadan, Amerikadan, Avropadan gəncləri bir araya gətirərək onlara mühüm problemləri müzakirə etmək imkanı yaradır. "Daha yaxşı dünyanı qurmaq üçün nə etmək lazımdır?" sualını verən Hikmət Çətin vurğulayıb ki, dünyanın gələcəyi gənclərə bağlıdır və Forum bu mənada xüsusi əhəmiyyəti ilə seçilir. O, gənclərin bacarığına inandığını bildirib: "Bu baxımdan Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə böyük töhfə verəcək. Bu Forum həm Azərbaycan, həm bölgə, həm də dünya üçün çox önəmlidir".
Qlobal Gənc Liderlər Forumunda iştirak edən ABŞ təmsilçisi Daniel Qoldstern isə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun gənclərin öyrənmələri üçün çox yaxşı platforma olduğunu qeyd edib. O, Azərbaycanda dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərlə görüşünü həyəcanverici olaraq qiymətləndirib və bildirib ki, bu, həm də fərqli baxışlara, mədəniyyətlərə malik insanlarla tanış olmaq deməkdir: "Biz bu Forumda qlobal siyasi məsələləri də öyrənməkdə maraqlıyıq". Bakı Forumu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkandır. Forumun daha bir əhəmiyyəti ondan ibarətdir ki, burada gənc liderlər təcrübəli insanlarla bir araya gələrək aktual məsələləri müzakirə edirlər. O, əmin olduğunu bildirib ki, Forumda aparılan fikir və təcrübə mübadilələri faydalı nəticələr verəcək". Yeri gəlmişkən, Daniel Qoldstern və digər ölkələrdən gələn gənclərin bir çoxu Azərbaycana ilk dəfə səfər etdiklərini, Bakının gözəlliyinə valeh olduqlarını, insanların qonaqpərvərliyinin onlarda zəngin təəssüratlar yaratdıqlarını, ölkəmizdən yalnız müsbət enerji aldıqlarını bildiriblər.