“Ukrayna lideri seçkiləri təxirə salır?” Dünya

“Ukrayna lideri seçkiləri təxirə salır?”

“Ukraynada seçkilərin keçirilməsi ideyası Rusiyadan gəlib”.

Bunu Politoloq Elçin Xalidbəyli xalqcebhesi.aza açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya sülh danışıqları prosesində bir neçə dəfə tələb etmişdi ki, yekun sülh sazişinin imzalanması üçün Ukraynada həm prezident, həm də parlament seçkiləri keçirilsin: “Kremlin əsas arqumenti ondan ibarətdir ki, indiki Vladimir Zelenski hakimiyyətinin səlahiyyəti müddəti artıq sona çatıb və Kremlin hesabına görə, Zelenski hakimiyyəti artıq legitim deyil. Burada önəmli olan məqam ondan ibarətdir ki, Ukraynada hazırda müharibə gedir və bu, Ukrayna konstitusiyasında fövqəladə vəziyyət kimi qəbul olunur. Belə hallarda mövcud hakimiyyətin səlahiyyət müddətinin uzadılması mümkün hesab olunur. Əsas məqamlardan biri də ondan ibarətdir ki, prezident Vladimir Zelenskinin də bəyan etdiyi kimi, Ukraynada hazırda seçkilərin keçirilməsi üçün şərait mövcud deyil və belə bir şəraitin yaradıla biləcəyini nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya təminat verə bilirlər”.

Politoloq əlavə edib ki, həm Rusiyanın raket zərbələri mülki əhalinin seçkilərdə iştirakına əngəl yaradır, həm də Ukraynanın əhəmiyyətli bir hissəsi Rusiya tərəfindən işğal olunub və həmin ərazilərdə seçkilərin keçirilməsi mümkün deyil: “Rəsmi Kiyev anlayır ki, indiki şəraitdə seçkilər keçirilərsə, hüquqi və siyasi baxımdan Ukrayna işğal olunmuş ərazilərdə müəyyən mənada imtina etmiş kimi görünəcək.Rusiyanın bu tələbinə Amerika Birləşmiş Ştatları da dəstək verirdi və Ukraynada seçkilərin keçirilməsini vacib hesab edirdi. Lakin hazırda Amerika Birləşmiş Ştatları Ukraynaya həm maliyyə, həm də hərbi dəstəyi dayandırıb. Bu maliyyə və hərbi dəstəyin yükü Avropa İttifaqı ölkələrinin üzərinə yüklənib. Avropa Birliyi ölkələri isə Ukraynadan seçkilərin keçirilməsini tələb etmir. Prezident Vladimir Zelenski indiki şəraitdə seçkiləri keçirməməklə yaxın gələcək üçün daha doğru addım atmış olur. Müharibə bitdikdən sonra Ukraynanın gələcək taleyi tam şəkildə dəqiqləşdikdən sonra normal seçkilər keçirməklə legitim hakimiyyətin formalaşdırılması daha doğru variantdır.

Günel Elxan