Rusiyada “Mesenatın Xəbərçisi” layihəsi təqdim olundu Hadisə

Rusiyada “Mesenatın Xəbərçisi” layihəsi təqdim olundu

Eyni zamanda Novruzla bağlı mühüm təşəbbüs irəli sürülüb

Rusiyada fəaliyyət göstərən Millətlərarası münasibətlərin inkişafı üzrə “Poliloq” Fondu yeni ictimai-maarifləndirici layihə – “Mesenatın Xəbərçisi”ni istifadəyə verib.

Layihə xeyriyyəçilik, mesenatlıq və sosial xidmət ənənələrinin həm tarixi, həm də müasir dövrdə rolunu işıqlandırmağı hədəfləyir. Platformada bu sahədə araşdırmalar, ekspert yazıları, müsahibələr və sosial təşəbbüslər barədə materiallar yer alacaq.

Fondun məlumatına görə, layihə xüsusilə cəmiyyətdə sosial məsuliyyətin, tarixi yaddaşın və xeyriyyəçilik mədəniyyətinin daha geniş təbliğini nəzərdə tutur. Burada həm keçmiş, həm də müasir mesenatların fəaliyyəti, eləcə də müxtəlif regionlarda həyata keçirilən sosial layihələr təqdim ediləcək.

“Poliloq” Fondunun sədri Ramil Kərimov bildirib ki, mesenatlıq ənənəsi tarix boyu məktəblərin, xəstəxanaların və mədəniyyət ocaqlarının formalaşmasında mühüm rol oynayıb və bu irsin bu gün də davam etdirilməsi vacibdir.

Eyni zamanda Fond daha bir təşəbbüslə də gündəmə gəlib. Təşkilat Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Novruz bayramına ümumxalq statusunun verilməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

Müraciətdə qeyd olunur ki, Novruz əsrlərdir müxtəlif xalqlar tərəfindən qeyd edilən qədim ənənələrdən biridir və onun əsas mahiyyəti yenilənmə, sülh, dostluq, ailə dəyərləri və birgəyaşayış ideyaları ilə bağlıdır.

Fond hesab edir ki, Novruzun ümumxalq səviyyəsində tanınması ölkədə mədəni müxtəlifliyin qorunmasına və millətlərarası həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verə bilər.

Qurumun fikrincə, həm “Mesenatın Xəbərçisi” layihəsi, həm də Novruzla bağlı təşəbbüs Rusiyada mədəni müxtəlifliyin və sosial həmrəyliyin gücləndirilməsi istiqamətində aparılan siyasətin davamıdır.

Cavid