SHÇDX-nin yaranmasından 2 il ötür Hadisə

SHÇDX-nin yaranmasından 2 il ötür

Arzu Rəhimov: "Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilib"
"Hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir"

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHÇDX) qurumun yaranmasının 2-ci ildönümü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurumun ötən dövrdə həyata keçirdiyi tədbirlər barədə məruzə ilə çıxış edib.
A. Rəhimov bildirib ki, Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb. Müvafiq qanunvericilik bazası təkmilləşdirilib.
"Hazırda hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu sistem vasitəsi ilə çağırışaqədər yaş hədində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq", - deyə A. Rəhimov vurğulayıb.
A. Rəhimov qeyd edib ki, müharibə şəraitində olmağımız səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilində Xidmətin üzərinə əlavə vəzifələr qoyur.
Ötən müddət ərzində qanunvericiliyə uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquq formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilat və təhsil müəssisələrində hərbi vəzifəlilərin uçotunun aparılması işinin yoxlanılması nəzarətdə saxlanılıb. Bu sahədə mövcud qanunvericilik təkmilləşdirilib. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilib. Ümumilikdə SHXÇDX tərəfindən fəaliyyəti dövründə qanunvericiliyə 400-dən artıq dəyişiklik təklif olunub və onların böyük qismi qəbul edilib.
Xidmət rəisi onu da vurğulayıb ki, ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inkişafına dair 2013-2018-ci illər üçün Tədbirlər Planı hazırlanaraq təsdiq olunub. Ötən il SHÇDX-də 5 elektron xidmət istifadəyə verilib.
"Bizim qarşımızda böyük işlər, vəzifələr durur. Bunun üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı və Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradılıb", - deyə A. Rəhimov əlavə edib.
O, hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı məsələyə də toxunub: "Hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir. Bizim tərəfimizdən belə bir təklif olmayıb.
Hərbi xidmətə çağırış yaşı qanunvericiliklə tənzimlənir. Bununla bağlı Dövlət Xidməti tərəfindən hər hansı bir təklif olmayıb".
Qeyd edək ki, Azərbaycan hökumətinin çağırış yaşını 18-dən 19-a və ya 20-yə qaldıracağı ilə bağlı müzakirələr aparması barədə məlumatlar yayılıb. Buna səbəb isə 18 yaşlı gənclərin hərbi xidmətə fiziki və psixoloji baxımdan hazır olmamaları göstərilib.
Arzu Rəhimov orrdu sıralarına sağlam gənclərin qəbul olunmasını istədiklərini də vurğulayıb: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilk növbədə maraqlıdır ki, ordu sıralarına sağlam gənclər göndərilsin, orduya qəbul olunan əsgərlər tam sağlam olsunlar".
Xidmət rəisi qeyd edib ki, bir sıra gənclər ilkin həkim komissiyasından keçərkən öz xəstəlikləri barədə məlumatları gizlədirlər: "Bu da onların ordu sıralarında xidmət etmək istəyindən irəli gəlir. Onlar bəzən xəstəlikləri barədə ona görə məlumat vermirlər ki, hərbi xidməti çəkib, sonradan hüquq-mühafizə orqanlarında, digər qurumlarda işə düzəlsinlər".
Arzu Rəhimov deyib ki, tək Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də çağırışçılar qəbul olunduqdan sonra həkim komissiyalarından keçirlər: "Bütün qoşun növlərində bizimlə birgə tədbirlər davam etdirilir. Onların yoxlanması üçün daha dərindən yoxlamalar aparılır. O çağırışçılarda ki, xəstəlik aşkarlanır, onlar geri qaytarılırlar. Təhvil alınmış həmin şəxslər bir daha həkim komissiyalarına cəlb olunurlar. Yoxlandıqdan sonra onlarda aşkar olunan xəstəliyin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir və növbəti çağırışda əgər o çağırışçı xidmətə yararlıdırsa, onlar yenidən hərbi xidmətə cəlb olunur. Əgər yararlı deyillərsə, yenidən onlara möhlət verilir. Bütün hallarda qanunvericiliyin tələblərinə çox ciddi şəkildə riayət edilir".
Dövlət Xidməti ordu üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına da başlayacaq. SHXÇDX-nin rəisi bildirib ki, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaxın vaxtlarda ordu üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına başlayacaq.
A.Rəhimovun sözlərinə görə, hazırda "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC tərəfindən Silahlı Qüvvələr üçün avtomobil sürücüləri və aşpazların hazırlanması həyata keçirilir: "Yaxın vaxtlarda biz Mərkəzdə snayper, kəşfiyyatçı və paraşütçü hazırlığı kurslarına da başlanacaq. Bizim qarşımıza qoyulan məqsəd çağırışçılar orduya kiçik mütəxəssislər kimi yola salınsınlar".
Xidmət rəisinin sözlərinə görə, orta məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçilməsi istiqamətində işlər aparılır. Ötən ildən başlayaraq, orta məktəblərdə bu fənn üzrə işə qəbul olunan müəllim heyəti SHXÇDX ilə razılaşdırılır.
O, çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibb müəssisələrində həkim yoxlamasından keçirilməsi barədə deyilənləri də təkzib edib: "Azərbaycanda bütün çağırışçılar tibbi şəhadətləndirməni qeydiyyatda olduqları rayonların mərkəzi xəstəxanalarında keçirlər".
A. Rəhimov qeyd edib ki, hər bir çağırış dövründə yerli icra hakimiyyəti başçıları tərəfindən verilən qərarlar hərbi həkim komissiyaları müəyyən olunur: "O hərbi həkim komissiyaları yerli xəstəxanalarda yoxlamadan keçmiş çağırışçılara ekspertiza rəyləri verirlər".
Tədbirin sonunda SHÇDX rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırılıb.