“Mənəvi dəyərlərinə arxa çevirənlərin aqibəti acınacaqlı olur” Hadisə

“Mənəvi dəyərlərinə arxa çevirənlərin aqibəti acınacaqlı olur”

"Bir xalqın özünəməxsus düşüncə və həyat tərzi, dili, adət-ənənələri, dəyər və normaları onun milli kimliyinin əsasını təşkil edir. Bu kimliyi qorumaq və inkişaf etdirmək həmin kimliyin çətiri ətrafında toplanan hər kəsin müqəddəs borcudur. Azərbaycan xalqının milli kimliyinin, dolaysıyla mənəvi-əxlaqi keyfiyyətlərinin, mədəniyyətinin, dünyagörüşünün müdafiəyə ehtiyacı yoxdur".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verir ki, bu fikirləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Rüstəm İbrahimbəyovun filminə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, tarixə nəzər saldıqda görürük ki, xalqımız hər dövrdə o dövrün mütərəqqi düşüncə tərzinə sahib olmuş və bunun nəticəsidir ki, xalqımızın "iz"ləri yaxın və uzaq coğrafiyamızın yaddaşına həkk olunub: "Şirvandan Ərdəbilə, Dərbənddən Hələbə, Bağdaddan Hindistana, İrəvandan Təbrizə uzanan bu "iz"lər xalqımızın ulu və şanlı tarixinin aynasıdır. Məhz bu izlər sayəsindədir ki, əsrlərin ən keşməkeşlisi olan 20-ci əsrdə Azərbaycan xalqı bu günlərdə 100 illiyini qeyd etdiyimiz müsəlman Şərqində ilklərə imza atan Cümhuriyyəti qurub və əsrin sonlarında müsir dünyaya inteqrasiyanı hədəfləyən müstəqil Azərbaycan dövlətini bərqərar edib".
Mehman İsmayılov deyib ki, xalqımızı birləşdirən Azərbaycançılıq ideologiyası mənəvi dəyərimizdir: "Ancaq elələri vardır ki, bizi birləşdirən dəyərlərə nankorcasına xəyanət edir. R. İbrahimbəyovun çəkdiyi "Qafqaz üçlüyü" adlı bədnam film də belə xəyanətin ən pis nümunələrindəndir və xalqımızın haqlı narazılığına səbəb olub. Mənəvi dəyərlərinə arxa çevirənlərin aqibəti acınacaqlı olur və heç vaxt bağışlanmır. Bir gölə daş atanda orada meydana gələn dalğa getdikcə böyüyür və həmin gölün sərhədlərini aşır. Əvəzində isə o daş göldə batır. Rüstəm İbrahimbəyov kimi dönüklərin xalqımızın milli-mənəvi kimliyinə atdığı daşların aqibəti də belədir. Atılan hər bir daş şanlı kimliyimizin dərinliyində yox olmağa məhkumdur"