“Cəmiyyət təcavüz qurbanlarını günahkar çıxarır” Hadisə

“Cəmiyyət təcavüz qurbanlarını günahkar çıxarır”

Zorakılıq cinayətlərinin böyük bir qismi zərərçəkmişin yaxınları, qohumları, hətta valideynləri tərəfindən törədilir

Son zamanlar uşaqların cinsi istismara məruz qalması bir problem olaraq son dərəcə aktuallıq kəsb edir. Statistikaya görə, müasir dövrdə hər 10 uşaqdan 4-ü cinsi istismara məruz qalır.
Müxtəlif araşdırmalar göstərir ki, ölkəmizdə zorakılığa məruz qalan uşaqların 30 faizi həm də cinsi istismarla üzləşir. Psixoloq Nail Cəlilin fikrincə, cinsi istismara məruz qalan uşaqların ünsiyyətə, özlərini ifadə etməyə ehtiyacları olsa da, bunu etmək onlar üçün bir qədər çətin, mürəkkəb olur. Çünki belə hallarda onlar baş verənləri tam dərk etmək, anlamaq iqtidarında olmurlar. Ədəbsiz münasibətlə üzləşdiklərini başa düşsələr belə, qorxu, təhdid, sarsıntı səbəbindən əksər hallarda bunu açıqlaya bilmirlər, çox vaxt utanıb çəkinirlər. Bizdə isə müvafiq dövlət qurumları konkret profilaktik, qabaqlayıcı tədbirlər görmək əvəzinə çox vaxt hadisələrin arxasınca sürünürlər. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə konkret fəaliyyəti nəzərə çarpmır. Ümumiyyətlə, zorakılıq, qadınların, uşaqların cinsi istismar problemlərinin qabarması fonunda bu qurumun mövcudluğu demək olar ki, görünmür. Halbuki sözügedən Komitənin başlıca funksiyası bu kimi problemləri diqqət mərkəzində saxlamaqdan və onların birbaşa həllinə çalışmaqdan ibarətdir.
Müşahidələr göstərir ki, zorakılıq cinayətlərinin böyük bir qismi zərərçəkmişin yaxınları, qohumları, hətta valideynləri tərəfindən törədilir. Bununla yanaşı, etibardan sui-istifadə halları, qızların və uşaqların azyaşlı və köməksiz vəziyyətdə olmasından "faydalananlar"ın sayı da getdikcə çoxalır. Belə görünür ki, Azərbaycan cəmiyyətində müəyyən mənəvi-əxlaqi aşınma yaşanır, ənənəvi əxlaqi dəyərlərdən aşkar şəkildə geri çəkilmə var. Səbəblər isə kifayət qədər çoxsaylı, dərin və mürəkkəbdir. Burada həm müxtəlif dövlət qurumlarının, həm də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Medianın, QHT-lərin də bu istiqamətdə fəaliyyəti ürəkaçan deyil. Əksinə, müvafiq problemlərin həllinə çalışmaq əvəzinə, belə faktlar sanki bilərəkdən qabardılır, reklam edilir, ictimai şüura yeridilir. Psixoloq Hail Cəlil bildirir ki, sosial himayə, sosial reabilitasiya problemlərinin həlli ilə bağlı bir sıra qanunlar qəbul edilib: "Lakin baş verənlər göstərir ki, bütün bunlar yetərli deyil, kifayət etmir. Daha effektli, səmərəli sosial və hüquqi təsir mexanizmi işləyib hazırlamaq gərəkdir". Psixoloq bildirir ki, bir sıra dövlət müəssisələrində hətta ailəli, övladı olan xanımların əmək müqaviləsinin uzadılması müqabilində cinsi əlaqəyə məcbur edilməsi faktları da aşkar edilib ki, bu da əslində müəyyən vəzifəli şəxslərin arxayınçılığından və onlar üçün yaradılan cəzasızlıq mühitindən, qeyri-rəsmi imtiyazlardan irəli gəlir: " Belələrini nəinki azərbaycanlı, hətta insan adlandırmaq qeyri-mümkündür. Əslində, belə insanlardan daha çox onlara bu şəraiti yaradanlar məsuliyyət daşıyır".
Hail Cəlilin dediyinə görə, internetə, müxtəlif informasiya mənbələrinə azad çıxış imkanlarının genişlənməsi də kifayət qədər mənfi rol oynayır: "Zorakılıqla dolu filmləri, serialları, verilişləri "şok effekti" ilə nümayiş etdirən yerli telekanalların, müəyyən dövrdə kütləvi tirajla yayılan sarı mətbuatın da burada arzuolunmaz, xoşagəlməz, neqativ təsiri yetərincə böyükdür. Görün, cəmiyyətimizdə nə qədər mənəvi aşınmaya məruz qalan, ləyaqət hissini itirən şəxslər peyda olub ki, az qala hər gün atanın azyaşlı qızını zorlaması, qardaşla bacının intim münasibətdə olması, hansısa gənc oğlanın gənc bir qızı aldadaraq təcavüz etməsi, namusuna toxunması, hətta yeniyetmə oğlan uşaqlarının zorlanması barədə xəbərlər eşidirik. Adətən, Azərbaycanda qonşular bir yerə gedəndə övladlarını çox vaxt qonşularına etibar edərdilər. Kiminsə ağlına belə gəlməzdi ki, onların bu etimadından sui-istifadə edən, övladlarına pis gözlə baxan tapılar. İndi elə vəziyyət yaranıb ki, insanlar 20-30 ildən çox tanıdığı yaxşı insanlara belə şübhə ilə, tərəddüdlə yanaşırlar. Biri 12 yaşında qonşusu qızını zorlayıb bədbəxt edir, valideynləri qızı 3 aylıq hamilə olanda xəbər tutur. Başqa 15 yaşlı qız doğmaca əmisi oğlu tərəfindən təcavüzə uğrayır, nəticədə istəmədiyi, gözləmədiyi halda "analıq şərəfi"nə nail olur. Hətta doğma qardaşından hamilə qalıb dünyaya uşaq gətirənlər də tapılır. Bəzi gənc "oğlanlar" insanlıq hissini o dərəcədə itiriblər ki, 70-75 yaşlı, nənələri yaşında olan qadınlara belə təcavüz edirlər".
Cinsi istismara məruz qalan insanların sonrakı taleyi, bütün səylərə baxmayaraq, çox zaman acınacaqlı olur. Xüsusən böyüklər bu hadisələri uzun müddət xatırladıqları üçün çəkdikləri ağrı-acılar, əzablar yaddan çıxmır. Belə zərərçəkmişlərin böyük bir qismi özünütəcridə, intihara meylli olur. Əgər kənardan ciddi, effektli sosial-psixoloji müdaxilə olmasa, onların öz qüvvələri, iradələri sayəsində reablitasiya olunması, normal həyata qayıtması olduqca çətin, əksər hallarda qeyri-mümkündür. Təcavüzə uğramış uşaqların vəziyyəti isə fərqli və daha mürəkkəbdir. Bununla yanaşı, ağır fəsadlar olmadığı təqdirdə onların sosial reabilitasiya, adaptasiya və cəmiyyətə normal inteqrasiya imkanı və ehtimalı daha yüksəkdir.
22 yaşlı Nigar (ad şərtidir) təcavüz qurbanıdır. Onun sözlərinə görə, 16 yaşı olanda ailəli olan əmisi oğlu tərəfindən təcavüzə uğrayıb: "Əmim oğlu evli idi, 2 övladı da var idi. Mən onlara gedir, həyat yoldaşına kömək edirdim. Bir gün yoldaşı evdə olmayanda mənə təcavüz etdi. Hər şeyi valideyinlərimə danışdım. Əmim oğlu ikinci arvad kimi məni aldı. Valideyinlərim qohumluq bağlarının qırılmaması və biabırçılıqdan qurtulmaq üçün bu addımı atdı". Nigar danışır ki, əmisi oğlu ilə bir il yaşadıqdan sonra Bakıya qaçıb və əsl işgəncələr də bundan sonra başlayıb. Bir müddət işsiz qalan Nigar burada Rauf adlı biri ilə tanış olub. Rauf onu kafesində ofisiant kimi işə götürüb. Ngar həm ofisiant işləyib, həm də Raufun sevgilisi olub. Lakin bu vəziyyət də uzun davam etməyib. Qısa müddət ərzində "kasıblayan" Rauf kafesini bağlayıb və Nigarla da münasibətini qırıb. Nigar isə həyata tutunmaq, yaşayıb özünü dolandırmaq üçün Bakıda tanış olduğu rəfiqələrinin birinin vasitəsilə müxtəlif kişilərlə tanış olmağa başlayıb. Hazırda bir iş adamının sevgilisi olduğunu deyən Nigar həyata nifrətini də gizlətmir: "Əgər başıma o hadisə gəlməsəydi, mənim də bir evim, ailəm, uşağım ola bilərdi. İndi isə bu həyata məhkumam".
Mütəxəsislər hesab edir ki, təcavüzə uğramış qadınların 90 faizi fahişəliyə məhkum olur. Çünki cəmiyyət onları qəbul etmir, daim onlara "ləkəli" kimi baxır. Sosioloq Nəzakət Əhmədova deyir ki, bu qızların günahı olmasa da, cəmiyyət onları qəbul etmir. Çox nadir hallarda təcavüzə uğramış qızlar ailə həyatı qurub xoşbəxt ola bilirlər: "Təcavüzə uğramış qızlar özləri istəmədən fahişəliyə məkum olunmuşlardır. Təəssüflə qeyd etməliyəm ki, cəmiyyət təcavüzçüləri deyil, təcavüz qurbanlarını günahkar çıxarır. Zorlanmış qız bir daha normal şəkildə ailə həyatı qura bilmir. Ailə qurub xoşbəxt ola bilənlər isə, ömür boyu təcavüzə uğradıqlarını unuda bilmirlər. Bu hadisə onların yaddaşına qazılır. Sosioloq hesab edir ki, təcavüzə uğramış oğlan uşaqları da gələcək həyatlarında öz yerlərini tapa bilmirlər. Bəziləri orientasiyanı itirir, bəziləri isə yaşadıqları hadisədə ömrü boyu özlərini günahlandırırlar - ya alkoqol, ya da narkotik aludəçisinə çevrilirlər. Yəni zorlanma, təcavüz elə bir hadisədir ki, cinsindən asılı olmayaraq, ona uğrayan onun psixoloji təsirindən can qutara bilmir. Televiziya və internet cinsi təcavüzü adiləşdirir. "Hüquq dünyası" İctimai Birliyinin sədri Nazir Quliyevin sözlərinə görə isə, təcavüz, zorlama hadisələri müəyyən nisbətdə televiziya və internet saytlarında hər şeyin açıq-aşkar göstərilməsindən irəli gəlir: "Bu gün internet saytlarında pornoqrafiya, erotikaya baxan və xəbər başlıqlarında "qardaş bacısını zorladı", "ata qızını zorladı" ifadələrini görən hər hansı bir insan şüurualtı qaydada bunun normal olduğunu düşünür. Və özü də bilmədən bir gün bu hadisənin "qəhrəman"ına çevrilir. İnternet vərdişkarları özləri də istəmədən psixi pozuntular yaşayırlar. Sonradan bu pozuntular ağla sığmayan hərəkətlərə gətirib çıxarır. Lakin belə əməlləri şüurlu şəkildə törədənlər də az deyil. Amma onlara nə ad vermək olar - bunu demək çətindir.
Psixoloq Nail Cəlil bildirir ki, cinsi istismara məruz qalmış uşaqlarda aqressivlik, gərginlik, narahatlıq, iştahanın kəsilməsi, yeməkdən səbəbsiz imtina, əzginlik, yorğunluq, yatmağa meyl, özünəqapanma, təkliyə, sakitliyə can atma, əsəbilik (tez-tez hirslənmək), tez-tez səbəbsiz ağlama, ətalət, durğunluq, dostlarından qaçma, uğursuzluq sindromu - həvəsdən düşmə, məktəb nailiyyətlərində, qiymətlərində geriləmə, ifrat təmizkarlıq (təcavüzə uğrayan uşaqlar tez-tez heç bir səbəb olmadan əllərini yuyurlar, üst-başlarını çırpırlar), mənasız əhvalatlar, hekayələr uydurmaq, qorxaqlıq, barmağını sorma, dil-dodağını gəmirmə, qarın ağrıları, sancılar, gecə qorxuları, müxtəlif fobiyalar müşahidə olunur. Belə uşaqlarda psixoloji zərəri minimuma endirmək üçün valideynlərin göstərdiyi səylər mühüm əhəmiyyət kəsb edir. Həmişə olduğu kimi, burada da əsas çıxış yolu məhz inandırma, maarifləndirmədir. Valideynlər belə uşaqları bu barədə əvvəlcədən maarifləndirilməli, eyni zamanda cinsi istismara məruz qalmış uşaqları ilə bir qədər ehtiyatlı davranmalıdırlar. Uşaqlar anlamalı, hiss etməlidirlər ki, valideynləri onları sevir, himayə edir və mümkün qədər kömək etməyə çalışırlar. Onlara münasibətdə təmkinli və soyuqqanlı davranmaq vacib şərtdir. Lakin bu heç də diqqəti, meHribanlığı, xoş, səmimi münasibəti istisna etmir. Əksinə, onlara qarşı əvvəlkindən daha istiqanlı, həssas olmaq vacibdir. Uşaq valideynlərinin onun yanında olduğunu, ona güvəndiklərini bildikdə təcavüzkarlıq nəticəsində üzləşdiyi ətalətli, depressiv vəziyyətdən daha tez çıxır, olub keçənləri tədricən unudur, onun həyat qüvvəsi, enerjisi, sabit emosional-iradi inkişafı getdikcə bərpa olunur.

Ülviyyə Tahirqızı