Bahar Muradova danimarkalı deputatın cavabını verdi Hadisə

Bahar Muradova danimarkalı deputatın cavabını verdi

"Səbəb Azərbaycan hökuməti yox, ATƏT PA-nın daxili qaydalarıdır"

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında iştirak edən danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına cavab verib.
Bahar Muradova qeyd edib ki, təşkilatçı tərəf Azərbaycan olsa da, bu təşkilatın öz qaydaları var.
Onun sözlərinə görə, bu zala şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsinin müvafiq prosedur qaydaları var və Azərbaycan da bu qaydaların hər bəndinə əməl edib: "Adıçəkilən şəxsin bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndləri və müxalif mövqeləri ilə seçilən şəxslər iştirak edirlər. Onlar prosedur qaydalarına əməl etdiklərinə görə bura buraxılıblar və Azərbaycan hökuməti onlar üçün hər cür şərait yaradıb".