AMEA və Tümen Universiteti “güzgülü” laboratoriyalar yaradacaq Hadisə

AMEA və Tümen Universiteti “güzgülü” laboratoriyalar yaradacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tümen Dövlət Universiteti (TmDU) ilə əməkdaşlığı inkişaf etdirir. AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov oktyabrın 29-da TmDU-da olub. Bu səfərin məqsədi Zoologiya İnstitutu ilə Tümen Dövlət Universiteti arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək idi. TmDU-nun rektoru Valeri Falkov ilə görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyətin formatını ətraflı müzakirə ediblər. AMEA-nın Zoologiya İnstitutunda bioloqlar üçün akademik magistratura yaradılması məsələsi də müzakirə mövzusu olub.
Elman Yusifov TmDU-nun Biologiya İnstitutunda da olub, burada çalışan alimlərlə tanış olub və biologiya laboratoriyalarının təchizatının yüksək səviyyədə olmasını qeyd edib. Görüşün sonunda daha səmərəli əməkdaşlıq üçün "güzgülü" laboratoriyalar təşkil edilməsi ideyası yaranıb. E.Yusifovun sözlərinə görə, beynəlxalq laboratoriyalar faunistika, populyasiya və ekoloji sistemlərə dair birgə tədqiqatlar aparılması üçün baza rolu oynaya bilər.
E.Yusifov deyib: "Arktika hövzəsində yaşayan halqalı nerpa ilə qohum növün nümayəndəsi kimi Xəzər suitinin öyrənilməsi məsələsi hazırda böyük maraq doğurur. Xəzər suitisinin təcrid olunmuş şəraitdə populyasiyası modeli digər növlərin vəziyyətini proqnozlaşdırmaq üçün vacibdir. Bu, nəzəri biologiya və filogeniya sahəsində böyük əhəmiyyət kəsb edir. Sizdə olan avadanlıq suitilərin bu iki növünün müqayisəsi üçün karioloji təhlil aparmağa kömək edə bilər, mikrohistoloji araşdırmalar isə müasir şəraitdə bu heyvanların orqanizminin vəziyyətini göstərəcək".