Prezident və birinci xanım Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər Hadisə

Prezident və birinci xanım Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat veriblər.
Məlumat verilib ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olublar.
Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.
Bildirilib ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və хan zümrəsinə daхil olan digər sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan" ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində "Maymun" ləqəbli at gümüş, "Toхmaq" adlı at bürünc medallara, Хan qızı Natəvanın "Əlyetməz" adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli "Sür-papaq" atüstü oyununa baxıblar.
Qeyd olunub ki, "Sür-papaq" oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.
Dövlət başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.
Məlumat verilib ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Onlardan 5-i ayğır, 50-si madyan, 145-i isə gənc atlar və dayçalardır. Kompleksdə 28 mütəxəssis çalışır.
Qeyd olunub ki, 1946-cı ildə хüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atını, o cümlədən 59 baş madyanı və 1 baş ayğırı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya "Zaman" adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb. Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir.
Dövlət başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin "Süvarilər" qrupunun nümunəvi çıxışlarına da baxıblar.