Cəbhə bölgəsində irimiqyaslı təlimlər Hadisə

Cəbhə bölgəsində irimiqyaslı təlimlər

3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə çağırılıb

Cəbhə bölgəsində irimiqyaslı təlimlər keçirilir. Müdafiə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir.
Təlimlərin yeni mərhələsində birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığı, qoşunların yürüş qabiliyyəti, döyüş tətbiqi imkanları, həmçinin şəraitə və qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementlərinin qarşılıqlı əlaqələndirilməsi məsələlərinin öyrənilməsi və praktiki istifadəsi yerinə yetirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimlərə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Təlimlərdə zirehli texnikalardan, artilleriya qurğularından, zenit-raket komplekslərindən, müxtəlif çaplı silahlardan, təyyarə və helikopterlərdən praktiki döyüş atışları icra edilir.
Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə çağırılıb.
Təlimlərə iyulun 10-da Bakı şəhərində təlim rəhbərliyinin və komandanlıq heyətinin ümumi toplantısı ilə yekun vurulacaq.