“Şəhid ailələri birmənalı şəkildə daim Prezident İlham Əliyevlə birgə olduqlarını isbatladılar” Hadisə

“Şəhid ailələri birmənalı şəkildə  daim Prezident İlham Əliyevlə birgə olduqlarını isbatladılar”

Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşməsi, onları dinləməsi, eləcə də daha 3 minə yaxın şəhid ailəsinin birdəfəlik müavinətlə təmin olunması haqqında fərman imzalaması cənab İlham Əliyevin, dövlətin bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək: "Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Cənab Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan fgərman və görüş ictimaiyyətimiz tərəfindən də çox yüksək dəyərləndirilir".
Deputat diqqətə çatdırıb ki, Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüş anti-Azərbaycan dairələrinə də böyük siyasi mesaj oldu:
"Ötən ilin aprel ayından cənab Prezident İlham Əliyevin imzaladığı fərmanın əhəmiyyətinə kölgə salmağa çalışan anti-Azərbaycan qüvvələr şəhid ailələrinin məlumatsızlığından və həssaslığından istifadə edərək siyasi dividentlər qazanmağa, ölkəmizin imicinə ləkə yaxmağa çalışırdılar. Bu prosesdə erməni lobbisi ilə yanaşı, radikal müxalifət və Avropadakı "sapı özümüzdən olan baltalar" da xüsusi canfəşanlıq edirdilər. Lakin hər zaman olduğu kimi, bu dəfə də xalqımız, xüsusilə şəhid ailələri təxribatlara uymadı, dövlətinin və cənab Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirdi. Elə Prezident Sarayında çıxış edən şəhid ailələri birmənalı şəkildə dağıdıcı ünsürlərin çağırışlarına "yox" dedilər və daim Prezident İlham Əliyevlə birgə olduqlarını isbatladılar".