Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib Hadisə

Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümünə həsr olunmuş "Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu" başlıqlı "PMI Azerbaijan 2019" sammiti keçirilib. Ali məktəbdən verilən məlumata görə, tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi – PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olunub. Sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, maliyyə və təhsil sahələrində fəaliyyət göstərən dövlət və aparıcı özəl təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Tədbirin aparıcısı Kənan Məmmədov tədbiri açaraq təşkilatın yaradılması və fəaliyyəti barədə qısa məlumat verib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, sammit iştirakçılarını salamlayaraq layihə idarəetməsi sahəsində mütəxəssislərin hazırlanmasının və müasir idarəetmə metodlarının bütün sahələrdə tətbiq olunmasının vacibliyini vurğulayıb. Ali məktəbin inkişafı, fəaliyyəti və nailiyyətləri haqqında danışarkən rektor bildirib ki, BANM-in nəzdində PMI-ın bütün standartları əsasında hazırlanan xüsusi təlim proqramı - Layihə idarəetmə məktəbi uğurla fəaliyyət göstərir. Bu proqramın məzunlarını ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatlarını almış milli və beynəlxalq şirkətlərin onlarla aparıcı əməkdaşları təşkil edir. Çıxışının sonunda rektor Elmar Qasımov sammit iştirakçılarına uğurlar arzulayıb.
Birinci paneldə ilk olaraq PMI-ın Azərbaycan nümayəndəliyinin İdarə Heyətinin sədri Emil İsmayılxanovun məruzəsi dinlənilib. O, təşkilatın inkişaf perspektivlərindən, qarşıda duran məsələlər və fəaliyyət proqramından danışıb. PMI nümayəndəliyinin Türkiyədəki vitse-prezidenti, Türk Hava Yolları şirkətinin layihə və portfel meneceri Ömür Benekin təqdimatı nümayəndəliyin işinə və onun regional və beynəlxalq PMI təşəbbüslərində iştirakına həsr edilib. Sessiya PMI-ın Azərbaycandakı İdarə Heyətinin üzvü Nigar Cəfərovanın "Məktəblilər üçün layihə idarəetmə dərsləri" layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan tədbir və strategiyalar barədə çıxışı ilə sona çatıb. Sonda suallar cavablandırılıb.
Dövlət və özəl sektorda layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivlərinə həsr olunmuş növbəti paneli moderator, Bakı Fond Birjasının İdarə Heyətinin sədri və PMI-ın Azərbaycandakı İdarə Heyətinin üzvü Vüqar Namazov açıb. Paneldə Elektron Hökumətin İnkişafı Mərkəzi PHŞ-nin direktoru Fariz Cəfərov, Türk Hava Yolları şirkətinin layihə və portfel meneceri Ömür Benek və layihələrin idarə olunması üzrə ekspert Elçin Məmmədov məruzə və təqdimatlarla çıxış ediblər. Daha sonra aktual məsələlər müzakirə olunub və Azərbaycanda layihələrin idarə olunmasının inkişaf planı ilə bağlı suallar cavablandırılıb.
Layihə İdarəetmə İnstitutu - 1969-cu ildə yaradılan və dünya üzrə layihə menecerləri arasında təcrübə, bilik və bacarıqların mübadiləsini qarşısına məqsəd qoymuş ən böyük beynəlxalq təşkilatdır. PMI tədqiqatlar aparır, regional ofislərlə əməkdaşlığı inkişaf etdirir, konfranslar və seminarlar təşkil edir, həmçinin layihə idarəetmə sahəsində standartlar və akkreditasiya işlərini inkişaf etdirir.
PMI-ın Azərbaycan nümayəndəliyinin yaradılması üzrə işlərə 2016-cı ilin fevral ayında başlanılıb və 2017-ci ilin may ayında Azərbaycan nümayəndələri ilk dəfə olaraq Romada baş tutmuş "PMI Leadership Institute Meeting" toplantısında iştirak ediblər. Elə həmin toplantıda "PMI European Chapter Collaboration" yaradılmasına dair qərar verilib. Bu təşəbbüsü ilk dəstəkləyən məhz elə Azərbaycan Nümayəndəliyi olub və müvafiq memorandumu imzalayıb. "PMI Azerbaijan"a "Potential Chapter" statusu 2018-ci il mayın 4-də Berlində imzalanan müqavilə nəticəsində verilib.


Akademik: "Dissertasiya mövzuları müasir elmin tələblərinə uyğun seçilməlidir"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər (İEB) Bölməsinin ümumi yığıncağı keçirilib. AMEA-dan bildirilib ki, əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. "İctimai elmlər: bu günü və sabahı" mövzusunda məruzə ilə çıxış edən akademik İEB-in son illərdəki fəaliyyətindən, elmi müəssisələrdə həyata keçirilən tədbirlərdən danışıb. Alim işlərin daha səmərəli davam etdirilməsi istiqamətində tövsiyələrini verib.
Sonra bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, dissertasiya mövzuları mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməli, müasir elmin tələblərinə uyğun seçilməlidir. Alim doktorant və dissertantlara müasir elmin tələblərinə uyğun mövzulara üstünlük vermələrini tövsiyə edib. 2018-2019-cu tədris ili üçün statistik məlumatları nəzərə çatdıran akademik-katib vurğulayıb ki, bölmədə fəlsəfə doktoru hazırlığı üzrə 44, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 38, elmlər doktoru hazırlığı üzrə doktoranturaya isə 7 nəfər qəbul olunub.
Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb. Bölmənin digər qərarları ilə Fəlsəfə İnstitutunun strukturunda, Milli Azərbaycan Tarixi Muzeyinin isə elmi şurasının tərkibində dəyişiklik edilib. Tədbirdə, həmçinin tarix elmləri doktoru Əsədulla Cəfərovun 70 illik yubileyinin qeyd olunması ilə bağlı qərar qəbul edilib. Sonra bir sıra kadr məsələlərinə baxılıb.



Qərbi Kaspi Universiteti Türkiyə universiteti ilə əməkdaşlığa başlayır
Qərbi Kaspi Universitetində Türkiyənin "Reting Academy" şirkətinin nümayəndələri ilə görüş keçirilib. "Reting Academy" Türkiyənin Çanakkale On Səkkiz Mart Universitetinin Texnoparkı nəzdində qurulmuş şirkətdir və əsasən beynəlxalq konfrans və sərgilərin təşkilatçılığını həyata keçirir. Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Qonaqlara Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər, xüsusilə son 2 il ərzində həyata keçirilən infrastruktur layihələri, tədris proqramlarının dünyanın qabaqcıl universitetlərinin standartlarına uyğunlaşdırılması və təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirlərlə bağlı məlumat verilib. Görüşdə beynəlxalq elmi konfransların birgə təşkili üçün işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda Qərbi Kaspi Universiteti və Çanakkale On Səkkiz Mart Universitetinin Texnoparkları arasında əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb, bu əməkdaşlığın tələbələrin əmək bazarının tələblərinə uyğun yetişdirilməsinə töhfə verəcəyi qeyd edilib.