İtaliya jurnalı Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan yazır Hadisə

İtaliya jurnalı Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan yazır

İtaliyanın Sapienza Universitetinin "Origini" beynəlxalq elmi jurnalında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun çöl tədqiqatları bölməsinin və Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev və Almaniya Arxeologiya İnstitutunun, Eberhard və Karl Universitetinin doktoru Barbara Helvinqin həmmüəllif olduqları "Oxşar, həm də fərqli: eramızdan əvvəl VI minillikdə Cənubi Qafqaz və Şimal-Qərbi İran cəmiyyətlərinin müqayisəsi" məqaləsi dərc olunub.
İnstitutdan bildiriblər ki, məqalədə son illər Azərbaycanın Mil düzündə aparılan tədqiqatlar zamanı əldə olunan arxeoloji materiallar İranın şimal-qərbində, Sulduz vadisində yerləşən Hacı Firuz yaşayış yerinin materialları ilə müqayisə olunur. T.Əliyev məqalənin məzmununu şərh edərkən bildirib ki, Mil düzündə aparılan arxeoloji tədqiqatlar "Qədim Kür" (2010-2012) və "Kür hərəkətdədir" (2013-2015) alman-fransız araşdırma layihələrinin bir hissəsidir. Bu layihələr Almaniya Tədqiqat Fondu və Fransanın Milli Tədqiqat Agentliyinin dəstəyi ilə Almaniya Arxeologiya İnstitutu, Fransa Milli Elmi-Tədqiqat Mərkəzi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstan Milli Muzeyi yanında Otar Lordkipanidze adına Arxeoloji Mərkəzin birgə əməkdaşlığı ilə həyata keçirilib. Layihə çərçivəsində Mil düzündəki Kamiltəpə yaşayış yeri ilə yanaşı, Tovuz rayonundakı Menteştəpə və Şərqi Gürcüstandakı Aruxlo Neolit dövrü məskənləri də tədqiqata cəlb olunub.