Mətbuat Şurası Qusarda tanınmış jurnalistlə bağlı sənədli filmin təqdimatını keçirdi Hadisə

Mətbuat Şurası Qusarda tanınmış jurnalistlə bağlı sənədli filmin təqdimatını keçirdi

Bu gün Qusar rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş, tanınmış jurnalist və publisist Nəbi Rzayevin həyatından bəhs edən “Yaşamaqdan doymayanlar” sənədli filminin təqdimat mərasimi keçirilib.
Toplantını giriş sözü ilə Qusar Rayon İcra Hakiiyyəti başçısının müavini Elman Mustafayev açaraq Qusarda yaşamış və fəaliyyət göstərmiş jurnalist N.Rzayevin rayonun tanınmış ziyalılarından, söz adamlarından biri olduğunu vurğulayıb. N.Rzayevi peşəsi üçün fədakarlıq nümunəsi kimi dəyərləndirən E.Mustafayev bildirib ki, mərhum jurnalistin həyat və yaradıcılığından bəsh edən sənədli film onun ruhuna olan böyük ehtiram, əməyinə verilən müstəsna qiymətdir. O, ekran işinin ərsəyə gəlməsinə kömək göstərənlərə təşəkkürünü yetirib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ömrünü-gününü jurnalistika peşəsinə, söz sənətinə sərf etmiş qələm adamları ilə bağlı sənədli filmlər çəkdiyini diqqətə çatdırıb. Bu baxımdan o, Qusar torpağının yetirməsi olan N.Rzayevlə bağlı ekran işinin də kifayət qədər uğurlu alındığına əminliyini ifadə edib. “Belə düşünmək üçün əsaslarımız var. Çünki Nəbi Rzayevin həyatı həqiqətən də örnəkdir. Məhdud fiziki imkanlarına və hər zaman Qusarda – şəhər mühitindən kənarda yaşamasına baxmayaraq, Nəbi bütün stereotipləri alt-üst etmiş şəxsiyyət idi. O, istedadın necə böyük qüvvə olduğunu, heç bir sərhəd tanımadığını isbatlaya bilmişdi. Oçerkləri, məqalələri, esseləri bu dəyərli qələm sahibini respublikaya sevdirmişdi. Neçə-neçə sənət adamları, xalq artistləri, əməkdar artistlər Qusara gələrkən hər zaman Nəbi Rzayevi ziyarət edirdilər. Belə bir ehtiramı jurnalistə sənəti qazandırmışdı. Sənətini hədsiz sevirdi. Nəbi həyatı, yaşamağı da inanılmaz coşğu və ruh yüksəkliyi ilə sevirdi. Hesab edirəm ki, təqdimatına toplaşdığımız bu sənədli filmdə bunu göstərə bilmişik”, - deyən Ə.Amaşov tədbirin təşkilinə həssas yanaşıldığı üçün Qusar Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürünü bildirib.
Çıxışlardan sonra “Yaşamaqdan doymayanlar” sənədli filmi nümayiş olunub. Qeyd edək ki, N.Rzayev Qusar rayonunun Həsənqala kəndində anadan olub. Uşaq vaxtı düzgün edilməyən müalicədən sonra ömrünün axırınadək əlil həyatı yaşayıb. Buna baxmayaraq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Ömrünün sonunadək Qusarda yaşayıb. Məqalələri, oçerkləri və hekayələri ölkənin ən nüfuzli mətbuat orqanlarında işıq üzü görüb. Yaradıcılığı ona bütövlükdə Azərbaycan cəmiyyətində, sənət cameəsində hədsiz populyarlıq qazandırıb. “Yaşamaqdan doymayanlar” sənədli filmində bu kimi məqamlardan, eyni zamanda N.Rzayevin ömür-gün yoldaşı Nazilə xanım fədakarlığından söz açılıb.
Onu da qeyd edək ki, “Yaşamaqdan doymayanlar” sənədli filminin ssenari müəllifi tanınmış jurnalist və publisist Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyeva, operatoru Rüstəm Paşadır.