Prezident İlham Əliyevin Berlin zəfəri: Azərbaycan-Almaniya münasibətlərində strateji mərhələ Siyasət

Prezident İlham Əliyevin Berlin zəfəri: Azərbaycan-Almaniya münasibətlərində strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Cənubi Qafqazın geosiyasi mənzərəsində və Bakı-Berlin- Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni hüquqi-strateji paradiqmanın əsasını qoydu. Berlin Bəyannaməsinin imzalanması və ali səviyyəli danışıqlar göstərir ki, Azərbaycan artıq regional çərçivələri aşaraq Avropanın enerji, logistika və təhlükəsizlik arxitekturasını müəyyən edən əvəzedilməz güc mərkəzi kimi qəbul olunur. Almaniyanın ölkəmizin ərazi bütövlüyünü və postmünaqişə dövrünün reallıqlarını beynəlxalq hüquq səviyyəsində bir daha təsbit etməsi Bakının yürütdüyü müstəqil, uzaqgörən və realizmə söykənən xarici siyasət kursunun növbəti böyük zəfəridir.
Mövzu ilə bağlı "Xalq Cəbhəsi"-nin suallarını Milli Məclisin deputatları cavablandırıblar.

Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə

Mövzu ilə bağlə “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri, bu çərçivədə imzalanmış “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” və liderlərin mətbuata bəyanatları Cənubi Qafqazın geosiyasi xəritəsində və Bakı-Berlin-Avropa İttifaqı oxunda prinsipial, keyfiyyətcə yeni hüquqi və strateji paradiqmanın bərqərar olduğunu göstərir: “Bu geostrateji dönüşün kökündə müasir Azərbaycan dövlətinin suveren imkanlarının sürətlə genişlənməsi və Prezident İlham Əliyevin postmünaqişə dövrünə dair irəli sürdüyü uzaqgörən, hüquqi baxımdan əsaslandırılmış və realizmə söykənən strateji baxışları dayanır.
Beynəlxalq hüquq doktrinası baxımından 21 iyul 2026-cı il tarixli Berlin Bəyannaməsi tərəflərin milli suverenliyini və hüquqi muxtariyyətini saxlayan siyasi-hüquqi niyyət sənədidir. Lakin bu sənədin preambulasında BMT Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və Avropa Konvensiyasına edilən konseptual istinadlar Almaniya kimi Avropa İttifaqının aparıcı dövlətinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn imperativ normaları səviyyəsində bir daha tərəddüdsüz təsbit etməsi mənasına gəlir. Bəyannamədə 2025-ci il 8 avqust Vaşinqton Zirvə Görüşünə və sülh müqaviləsinin paraflanmasına rəsmi istinad edilməsi, Almaniya Kansleri Fridrix Mertsin bu tarixi nailiyyəti yüksək qiymətləndirməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi “güc vasitəsilə sülh və beynəlxalq hüquq” doktorinasının Avropa məkanında tam və geri dönməz şəkildə legitimlik qazandığını sübut edir”.
O qeyd edib ki, Fransa kimi bəzi regional aktorların təktərəfli və qərəzli yanaşmalarından fərqli olaraq, Berlinin bu konstruktiv mövqeyi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında Azərbaycanın əsas nizamlayıcı dövlət kimi qəbul edildiyini nümayiş etdirir: “Bu səfərin və imzalanmış sənədin geoiqtisadi miqyası, eyni zamanda Azərbaycanın qlobal enerji və logistika zəncirindəki əvəzedilməz rolunu bir daha ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirilmiş xarici iqtisadi siyasət nəticəsində Azərbaycan xam neft ixracı, Avropa İttifaqının 10 ölkəsinə çatdırılan təbii qaz tədarükü və gələcəkdə Avropaya inteqrasiya olunacaq “yaşıl və aşağıkarbonlu hidrogen” layihələri ilə Avropa İttifaqının enerji təhlükəsizliyinin ən etibarlı və artıq sənədləşdirilmiş strateji təminatçısına çevrilib. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzvlüyü və Orta Dəhlizin mərkəzi habı kimi çıxış etməsi Bakının Mərkəzi Asiya ilə Avropa arasında sadəcə fiziki nəqliyyat körpüsü deyil, institusional geostrateji qovşaq rolu oynadığını göstərir. Bu, Almaniyanın və Avropa İttifaqının “Global Gateway” strategiyası üçün Azərbaycanı vazkeçilməz strateji tərəfdaşa çevirir.
Razılaşmalarda diqqətəşayan ən mühüm aspektlərdən biri də təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın ilk dəfə rəsmi qaydada institusionallaşdırılmasıdır. Müdafiə Akademiyaları arasında mütəxəssis mübadiləsi, müdafiə sənayesi sahəsində birgə imkanların araşdırılması və mina təmizləmə üzrə Almaniya texnologiyalarının cəlb edilməsi iki ölkə arasında strateji etimadın ən yüksək həddə çatdığını göstərir.

Bütün bunlar göstərir ki, Azərbaycan Respublikası artıq regional çərçivədən çıxaraq Avropanın təhlükəsizlik, enerji və logistika arxitekturasına birbaşa təsir göstərən, suveren hüquqlarını qətiyyətlə qoruyan və qlobal geosiyasi reallıqları müəyyən edən güc mərkəzidir. Prezident İlham Əliyevin Berlin səfəri, bu ölkə Prezidenti və Federal Kansleri ilə ali səviyyədə təmaslar başda olmaqla, keçirdiyi görüşlər və əldə olunan tarixi nəticələr artan dövlət gücünün və strateji liderlik uzaqgörənliyinin növbəti parlaq təzahürüdür”.

“Səfər strateji tərəfdaşlığı gücləndirdi”

Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, 21 iyul 2026-cı ildə Prezident İlham Əliyevin Berlinə səfəri çərçivəsində Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mers ilə keçirilən görüşlər sadə diplomatik protokoldan çox daha dərin məna daşıyır. Bu görüşlər zamanı imzalanan sənədlər və səsləndirilən fikirlər Azərbaycan-Almaniya münasibətlərinin yeni, strateji mərhələyə keçidini rəsmiləşdirib.
Deputat diqqətə çatdırıb ki, görüşün ən mühüm nəticələrindən biri iki ölkə arasında Strateji Tərəfdaşlıq Gündəliyi üzrə Birgə Bəyannamənin imzalanması oldu: “Bu addım münasibətlərin artıq adi əməkdaşlıqdan uzunmüddətli, institusional çərçivəyə keçdiyini göstərir. Kansler Mers imzalanan iki birgə bəyannaməni əməkdaşlığın gələcək inkişafı yolunda mühüm addım kimi qiymətləndirib və kiçik-orta sahibkarlıq üçün əlverişli hüquqi-iqtisadi mühitin yaradılmasının vacibliyini vurğulayıb. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət ayırıb. Bu vurğu təsadüfi deyil. Almaniya Rusiya enerji resurslarından asılılığını azaltma strategiyası çərçivəsində, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılmasını artıq rəsmi səviyyədə strateji prioritet kimi tanıyır. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropanın enerji diversifikasiyası siyasətinin tərkib hissəsidir”.
N.Həmzəyevin sözlərinə görə, Ştaynmayerin Azərbaycan və Almaniyanı dünyada və regionda cərəyan edən qeyri-sabit hadisələr fonunda "sabitlik adaları" kimi xarakterizə etməsi diqqətəlayiqdir: “Yaxın Şərqdə davam edən gərginlik, Ukrayna müharibəsi və digər regional böhranların kölgəsində bu ifadə hər iki ölkənin özünü etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş kimi təqdim etmə cəhdi kimi oxuna bilər. Bu cür mesajlar həm investisiya mühitinin cəlbediciliyini artırmaq, həm də beynəlxalq arenada etimad qazanmaq baxımından əhəmiyyətlidir. Ştaynmayer Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlərə görə Prezident Əliyevi təbrik edib. Bundan əlavə, Prezident Əliyev Azərbaycandan Ermənistana göndərilən neft-qaz məhsullarının bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd edib. Bu fikir mühüm siqnaldır. Regional barışıq prosesi artıq təkcə siyasi danışıqlar müstəvisində deyil, həm də praktiki iqtisadi əməkdaşlıq vasitəsilə dəstəklənir. Almaniyanın bu prosesə diqqəti Avropanın Cənubi Qafqazdakı sabitliyə strateji marağını əks etdirir”.
O həmçinin deyib ki, Prezident Əliyev Azərbaycan-Almaniya əməkdaşlığının konnektivlik və tranzit imkanları baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu, Zəngəzur dəhlizi və Orta Dəhlizin Şərq-Qərb əlaqələrində getdikcə artan rolunun kontekstində oxunmalıdır. Azərbaycan özünü yalnız enerji tədarükçüsü deyil, həm də Avrasiya məkanında əvəzsiz nəqliyyat-logistika qovşağı kimi mövqeləndirir. Berlin görüşü göstərir ki, Almaniya üçün Azərbaycan enerji təhlükəsizliyi, konnektivlik və regional sabitlik baxımından strateji tərəfdaşa çevrilib. Azərbaycan üçün bu görüş Qərblə əlaqələrin dərinləşdirilməsi, iqtisadi diversifikasiya və sülh prosesindəki roluna beynəlxalq dəstəyin artırılması deməkdir. Regional müstəvidə Azərbaycan-Ermənistan sülh prosesi artıq iqtisadi əməkdaşlıqla möhkəmləndirilən reallığa çevrilir. Qlobal müstəvidə isə qeyri-sabit beynəlxalq mühitdə "sabit tərəfdaş" imicinin formalaşdırılması hər iki dövlətin xarici siyasət prioritetlərindən birinə çevrilib. Prezident Əliyevin Kansler Mersi Azərbaycana səfərə dəvət etməsi isə bu tərəfdaşlığın davamlılığına işarə olan simvolik addım kimi qiymətləndirilə bilər”.

Günel Elxan