Özünüməşğulluq proqramı bu il 10 min vətəndaşı əhatə edəcək Hadisə

Özünüməşğulluq proqramı bu il 10 min vətəndaşı əhatə edəcək

Aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan özünüməşğulluq proqramının ildən-ilə genişləndirilməsi təmin edilir. 2018-ci ildə proqrama 7 mindən artıq insan cəlb edilib ki, bu da əvvəlki illə müqayisədə 6 dəfəyədək çoxdur. Cari ildə isə proqramın 10 minədək vətəndaşı əhatə etməsi nəzərdə tutulub.
Bu barədə oktyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kütləvi informasiya vasitələri (KİV) əməkdaşları üçün Sumqayıt və Xaçmaza təşkil olunan mediatur zamanı məlumat verilib. Mediatur çərçivəsində 20-dən çox KİV-i təmsil edən iştirakçılar özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlərin təqdim edilməsi prosesini izləyib, həmçinin verilən aktivlərin keyfiyyəti ilə yerindəcə tanış olmaq imkanı qazanıb.
Mediaturda özünüməşğulluq proqramının icrası işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara mal və materiallar formasında aktivlərin verilməsi prosesi davam edir. 2019-cu ilin ötən dövrü ərzində artıq 3 min 500-dən çox şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib və onlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar. Proqramın icrasında əlilliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həssas qruplardan olanlara üstünlük verilir.
Özünüməşğulluq proqramının icrası və proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı da təmin edilib və qeyd edilən sahədə güclü ictimai nəzarətə şərait yaradılıb. Bu məqsədlə proqramın iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatlar nazirliyin “e-sosial” internet portalının (https://e-sosial.az/#/eServices) “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsində yerləşdirilib. Aktivlərlə təminat prosesi davam etdikcə müvafiq məlumatların da portalda qeyd edilən şəxslərin hər biri ilə bağlı ayrıca kabinetlərdə yerləşdirilməsi davam etdirilir. Bu məlumatlara proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı onların razılığı və iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar da aiddir.
Mediatur iştirakçıları Sumqayıt şəhərində proqrama cəlb edilən Mirkamil Heydərova oyun zalı və Aytən Məmmədovaya dərzilik üçün müvafiq ləvazimatların verilməsi prosesini izləyib, aktivlərin keyfiyyətini nəzərdən keçiriblər. Sonra isə daha bir Sumqayıt sakini Əli Nəbiyevin proqram çərçivəsində aktivlərlə (mebel sexi üçün materiallar) təminatına baxış keçirilib. Hər üç proqram iştirakçısı verilən aktivlərdən razı qaldıqlarını bildirib və bununla bağlı tərtib olunmuş aktda da qeyd ediblər.
Daha sonra KİV əməkdaşları mediatur çərçivəsində Xaçmaz rayonunda olublar. Onlar rayonun Sabiroba kəndində yaşayan Firuz Əsgərova və Bayoba kəndinin sakini Pənah Arzumanova kiçik heyvandarlıq təsərrüfatlarını qurmaları üçün iribuynuzlu mal-qaranın təqdim edilməsi prosesində iştirak ediblər. Mal-qara verilərkən onların sağlamlığına dair baytar arayışı da təqdim olunub. Kənd sakinləri verilmiş heyvanlardan razı qaldıqlarını bildiriblər.
Proqram iştirakçıları və onların ailə üzvləri KİV nümayəndələri ilə söhbət əsnasında dövlətin bu dəstəyindən razılıqla bəhs edərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar yaradılan bu imkandan maksimum faydalanacaqlarını, verilən aktivlər hesabına yenicə yaradılan kiçik ailə təsərrüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.