Kəskin mədə-bağırsaq xəstəlikləri Hadisə

Kəskin mədə-bağırsaq xəstəlikləri

"Azərbaycanda müstəqil laboratoriya yoxdur ki, suyun keyfiyyətini yoxlaya biləsən"

Bu gün uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlmək təbii hal sayılır. Əksər hallarda ciddiyə alınmasa da risqli haldır. Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər. Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.
İnsan bağırsaqlarında onun orqanizmi üçün xeyirli bakteriyalar (bifidobakteriyalar, laktobakteriyalar, bağırsaq çöpləri, bakteroidlər) yaşayır. Bağırsaqlar həm də "neytral" (onlar insana nə xeyir, nə də zərər verir) və zərərli bakteriyaların da məskənidir. Disbakterioz zamanı bağırsaqlarda xeyirli bakteriyaların miqdarı azalır, neytral və zərərli bakteriyaların sayı isə artır.
Yenidoğulmuşların bağırsaqları sterildir. Bağırsaqlarda bakteriyalar sonradan məskunlaşmağa başlayır. Təbii şəkildə ana südü ilə qidalanan körpənin bağırsaqlarında xeyirli bakteriyaların məskunlaşması üstünlük təşkil edir. Körpələrin rasionuna vaxtından qabaq (5 ay tamam olmamış) əlavə qidalar (sıyıqlar, meyvə-tərəvəz və s.) daxil edilərsə, onlarda disbakterioz əmələ gəlir. Disbakterioz körpələr üçün təhlükəli hesab edilir. Bu onlarda çəki artımını ləngidə, hətta çəkinin azalmasına da səbəb ola bilər.
Bir qədər böyük yaşlı uşaqlarda qeyri-düzgün qidalanma, stres, antibiotiklər, hormonlar və digər preparatların qəbulu, əlverişsiz ekoloji mühit disbakterioza səbəb ola bilər. Disbakterioz zamanı uşağın nəcisində həzm olunmamış hissələr nəzərə çarpır; nəcisin çox üfunətli, kəskin, qıcqırmış qoxusu olur. Uşağın gərginləşmiş qarnında tez-tez ağrılar, uğultu olur, onun iştahası pisləşir, tez-tez ishal, qəbizlik baş verir. Körpənin rəngi avazıyır, o süstləşir, dərisi quru, allergik səpgili olub qabıq verir, ağız bucaqlarında çatlar meydana çıxır. Disbakteriozlu uşaqlar daha tez-tez soyuqdəymə və bağırsaq infeksiyaları ilə xəstələnir, onlarda əksər hallarda uzunmüddətli üzücü qəbizlik olur.
Disbakteriozun diaqnostikası koproqramma və nəcisin patogen mikroblara əkilməsi yolu ilə təyin edilir. Birinci üsulla bağırsaq tərəfindən qidanın nə dərəcədə həzm olunması və bağırsaqda iltihab olub-olmaması dəqiqləşdirilir. İkinci üsul isə nəcisdə zərərli floranın miqdarı və onların hansı antibiotiklərə qarşı həssas olduğunu təyin edir.
Bağırsaq disbakteriozunun müalicəsi çətin və uzunmüddətli olur. Bu zaman valideynlərdən səbirli olmaları və həkim təyinatlarını dəqiqliklə yerinə yetirmələri tələb olunur. Müalicə əvvəlcə bakteriofaqlarla (təkcə zərərli mikroorqanizmləri məhv edən viruslar) və bağırsaq antiseptikləri ilə başlayır. Ağır hallarda hətta antibiotiklərdən də istifadə oluna bilər. Qidanın yaxşı həzm olunması üçün uşağa fermentlər də təyin olunur. Bağırsaqlar əksər zərərli mikroorqanizmlərdən təmizləndikdən sonra uşaqlara bifido və laktobakteriyalardan ibarət xüsusi preparatlar təyin edilir. Bu preparatların köməyi ilə bağırsaqların xeyirli mikroflorası tədriclə bərpa olunur. Həkim məsləhəti olmadan uşaqlarınıza hətta ən etibarlı və sınaqdan keçmiş preparatları da vermək olmaz. Onlar uşaq orqanizmi üçün tam yararsız və bəzi hallarda isə təhlükəli ola bilərlər.
Ümumiyyətlə, uşaqlarda təsadüf edilən infeksion xəstəliklər arasında kəskin bağırsaq infeksiyaları dördüncü yeri tutur. Bu xəstəliklər azyaşlı uşaqlarda daha təhlükəlidir. Kəskin bağırsaq infeksiyaları yalnız mədə-bağırsaq sistemi üzvlərini deyil, həm də ürək, baş beyini, ağciyərlərin zədələnməsinə səbəb ola bilər. Bu zaman tibbi yardım vaxtında və düzgün təşkil edilməlidir. Əks halda xəstəlik hətta ölümlə də nəticələnə bilər. Məhz buna görə də valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalıdılar. Bağırsaq infeksiyası zamanı ilk növbədə uşaqda yüksək hərarət, süstlük, halsızlıq, baş ağrısı, qarında ağrı, qusma, duru nəcis ifrazı (bəzən nəcisdə qan zolaqları və sarı-yaşıl selik də olur) əmələ gəlir.
Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının şöbə müdiri Mətanət Rzayeva isə deyir ki, çirkli, natəmiz sudan istifadədə uşaqlarda salmoneus, stafilokok, amoba, kolen kimi infeksiyalara rast gəlinir: "Əsasən kənd yerlərində açıq mənbəli, yığılma sulardan istifadə təhlükə mənbəyi ola bilər. Bu cür infeksiyaya tutulan uşaqlar müalicə olunur, amma amoba-dizenteriyaya yoluxmanın müalicəsi çox çətindir. Hətta cərrahiyyə əməliyyatı tələb olunur. Uşaq nə qədər körpədirsə, bir də immun sistemi zəifdirsə, bağırsaq infeksiyasından ölmə ehtimalı da yüksəlir".
Mətanət Rzayeva deyir ki, su və qidadan yaranan bu infeksiyalar daha çox əhalinin aztəminatlı hissəsində müşahidə olunur. Bu infeksiyalar həm də keçicidir.
Həkimin fikrincə, bu cür infeksiyalara yoluxma hallarının qarşısını almaq üçün qaynanmış sudan istifadə və sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Mətanət Rzayeva içməli suyun belə körpələrə qaynadılmadan verilməsinin əleyhinədir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov isə deyir ki, mərkəzi su anbarlarından mütəmadi nümunə götürülüb analiz edilir və indiyə kimi hər hansı neqativ hal aşkarlanmayıb: "5 il əvvəl apardığımız monitorinqlər zamanı suda bulanıqlıq aşkar edilirdi. Amma indi bu da yoxdur". Ziyəddin Kazımov deyir ki, artezianlar, su quyuları qazılarkən Gigiyena və Epidemiologiya Mərkəzindən rəy alınmalıdır: "Kimsə həyətində 15 metrlik quyu qazırsa, onun suyundan istifadə edirsə, bu, düz deyil".
Ümumdünya Səhiyyə Təşkilatının "Şərqi Avropada, Qafqazda və Orta Asiyada ekoloji strategiya" araşdırmasında göstərilir ki, bu regionlarda sudan xəstəliklərə yoluxma halları Avropa ilə müqayisədə yüksəkdir: "Xəstəlik yaradan mikroorqanizmlər bu regionlarda içməli su üçün əsas təhlükə mənbəyi olaraq qalır. Kəskin mədə-bağırsaq xəstəlikləri bu regionlarda körpə uşaqların xəstələnməsi və ölümündə ciddi səbəblərdən birini təşkil edir. Bakıda sakinlərin 87 faizi su kəmərləri ilə verilən suyu təhlükəli sayır. Bakı və Bakı ətrafında yaşayanların 97 faizi suyu qaynatdıqdan sonra içdiklərini deyir. 20 faizə yaxın sakin cavab verib ki, onlar içmək üçün butulka ilə satılan sudan istifadə edirlər".
"Himayədar" Humanitar Təşkilatının rəhbəri Himayət Rizvanqızı da deyir ki, Azərbaycanda, xüsusilə kənd yerlərində içməli su təminatı zəifdir: "Körpələr arasında mədə-bağırsaqdan ölüm hallarına səbəb nə olur? Aydındır ki, infeksiyalar. Bu infeksiyalara körpə əksər hallarda sudan yoluxur. Biz bu yaxınlarda bəzi kənd yerlərində xəstəxanalarda monitorinq aparanda məlum olmuşdu ki, doğum şöbəsinə su gəlmir, heç kanalizasiya sistemi də yoxdur. Kənardan su gətirib isidirlər. Halbuki, yeni doğan ana və yeni doğulan körpə üçün yalnız distilə edilmiş sudan istifadə edilməlidir".
Himayət Rizvanqızı deyir ki, Kür, Araz qırağı kəndlərdə yaşayan sakinlərin çoxu çaydan suyu götürüb çənlərə doldurur, su durulandan sonra istifadə edirlər: "Azərbaycanda müstəqil laboratoriya yoxdur ki, suyun keyfiyyətini yoxlaya biləsən. Ona görə də içməli suyun keyfiyyəti ilə bağlı rəsmilərin dedikləri o qədər də inandırıcı görünmür".
Azərbaycan Dövlət Statistika Komitəsinin 2009-cu ilə aid açıqladığı rəqəmlərə görə, kənd yerlərində ev təsərrüfatlarının təxminən 46 faizinin mərkəzləşdirilmiş su kəmərlərinə çıxışı var. Mərkəzləşdirilmiş su kəmərlərinə çıxışı olmayan ev təsərrüfatlarının 30 faizi su ehtiyacını şəxsi həyətlərdəki quyulardan, 18 faizi ümumi həyətlərdəki krandan, 17 faizi ümumi quyudan, 14 faizi bulaq, çay və nohurlardan ödəyir. Qalanları isə istifadə etdikləri suyu maşınlardan alır. Qobustan və bir çox rayonların mərkəzində məhz belədir.
İçməli suyun idarə olunması sistemini araşdıran İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə deyir ki, Azərbaycanda hələ də içməli suyun keyfiyyətinə olan şübhələrin səbəbi düzgün idarəçiliyin olmamasındadır. Onun fikrincə, su idarəçiliyi yerli özünüidarəetmə qurumlarına verilməlidir. Ekspert - "bu halda suyun keyfiyyəti və əlçatanlılığı yaxşılaşar"- deyir.

Ülviyyə Tahirqızı