Qafqaz Universiteti fəaliyyətini davam etdirəcək Hadisə

Qafqaz Universiteti fəaliyyətini davam etdirəcək

ARDNŞ: "Universitetdə milliləşmə siyasətini və milli kadrların hazırlığını önə çəkməyə çalışmalıyıq"

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qafqaz Universitetinin gələcək fəaliyyətinə aydınlıq gətirib.
"APA-Economics"in məlumatına görə, ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu təhsil ocağının gələcəkdə də fəaliyyət göstərəcəyinin bildirib.
Onun sözlərinə görə, Qafqaz Universitetinin bağlanması məsələsi gündəmdə deyil: "Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində müəyyən reytinq qazanmış təhsil ocağıdır. Bunu tələbə qəbulu nəticəsində göstərilən nəticələr də əyani sübut edir. Biz ancaq çalışmalıyıq ki, bu universitet daha yaxşı fəaliyyət göstərsin. Qafqaz Universitetində milliləşmə siyasətini və milli kadrların hazırlığını önə çəkməyə çalışmalıyıq".
ARDNŞ Beynəlxalq Təhsil Mərkəzinin liseyləri və "Araz" kurslarında oxuyan şagirdlərin və dərs deyən müəllimlərin gələcək taleyinə də aydınlıq gətirib. Xalik Məmmədov bildirib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseyləri və "Araz" kurslarının fəaliyyəti qurumun İdarə Heyətinin yekdil qərarı ilə dayandırılıb: "Bu təhsil ocağında çalışan Azərbaycan vətəndaşları və orada oxuyan şagirdlər Beynəlxalq Təhsil Mərkəzi dərhal Təhsil Nazirliyinə müraciət edib. Nazirlik şagirdlərin və yerli müəllimlərin yerdəyişməsi ilə bağlı tədbirləri görür. Vaxtaşırı ictimaiyyəti bununla bağlı tanış edir. Qaldı ki, Türkiyədən gələn əcnəbi müəllimlərin taleyinə, onların böyük hissəsi artıq vətənlərinə dönüblər".
"Bəzi şagirdlərin gələn ilin təhsil haqqı ilə bağlı ödənişlər var ki, onları sona qədər qaytarmaq lazımdır. Həmçinin binaların təhvil-təslim prosesləri qalıb. Məhz bundan sonra Azərbaycanda qalan müəllimlər öz ölkələrinə dönəcəklər. Onların da sayı 4-5 nəfərdir. Düşünürəm ki, bu məsələ də 10-15 günə tam olaraq yekunlaşacaq", - deyə o əlavə edib.