“Şəhəri havadan dərmanlamaq mümkün deyil” Hadisə

“Şəhəri havadan dərmanlamaq mümkün deyil”

Məlum olduğu kimi bir gün öncə koronavirusa görə paytaxtda havadan dərmanlama işlərinin aparılacağına dair məlumat yayılıb. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, koronavirusla bağlı yayılan bu məlumatlar şayiədir. Epidemioloq qeyd edib ki, bu kimi yanlış informasiyaların yayılması onların işənə mane törədir: "Belə yanlış məlumatlar həm camaatı panikaya salır, həm də bizim işimizə ciddi formada mane olur. Gün ərzində bu şayiələrlə bağlı onlarla telefon zənginə cavab verməyə, açıqlamalar yaymağa məcbur oluruq. Mən bilmirəm, vətəndaşlar hansı məqsədlə belə məlumatlar yayırlar. Düşünürəm ki, artıq bununla ciddi məşğul olmağın vaxtıdır. Bir az savadı, dünyagörüşü olan adam başa düşər ki, şəhəri havadan dərmanlamaq mümkün deyil. Mümkün olsa belə, bu formada edilmir".
TƏBİB rəsmisi qeyd edib ki, hazırda pandemiya Avropada artan istiqamətdə yayılmağa davam edir: "Sevindirici haldır ki, artıq Çində yeni yoluxmaların sayı kəskin surətdə azalmağa başlayıb. Artıq ölkə bu epidemiyanı lokallaşdırmağa doğru gedir. Ancaq başqa ölkələrdə, xüsusilə də, Avropa ölkələrində hər gün yoluxmaların sayı artır. O cümlədən, ölüm sayları da. Qonşu İranda da yoluxma halları artan istiqamətdədir. Həm ÜST, həm də Çin alimləri təsdiq ediblər ki, virus mutasiya olur. Qeyd olunur ki, onun iki növü var. Biri daha ağır xəstəliyə səbəb olur, o biri növü yüngül keçir. Belə məlumatlar da var ki, ikinci dəfə xəstəliyə tutulma mümkündür. Virus yenidir, hələ ki, araşdırmalar gedir. Çox istəyərdim virusun hər hansı simptonlarını qeyd edib deyim ki, vətəndaşlar ehtiyatlı olsun. Təəssüf ki, heç elə bir simptom yoxdur".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhalini koronavirusla (COVİD-19) bağlı şayiələrin yayılmasına dəstək olmamağa çağırıb. Birlik əhalini ən son və doğru məlumatları rəsmi mənbələrdən almağa səsləyib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ən son göstəricilərə görə virus dünyada 127 ölkədə qeydə alınıb. Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır. Məlumat üçün qeyd edək ki, Azərbaycanda indiyə qədər kononavirusa 15 yoluxma faktı qeydə alınıb. Onlardan 3-ü sağalaraq evə buraxılıb, biri isə ötən gün vəfat edib.