Azərbaycan Latviyaya nota verib Hadisə

Azərbaycan Latviyaya nota verib

Səfir Elman Zeynalov Latviya XİH-ə dərslikdə yol verilmiş nöqsanlardan narahatlığını bildirib

Azərbaycanın Latviyadakı səfirliyi bu ölkədə nəşr olunan "Yeni dünya coğrafiyası" dərsliyində Azərbaycan ərazi bütövlüyü ilə bağlı yol verilən yanlışlıqla bağlı Latviya tərəfinə nota təqdim edib. Bu barədə APA-ya səfirliyin müşaviri Gəray Muradov məlumat verib.
G. Muradov deyib ki, fevralın 19-da məsələ ilə bağlı GUAM ölkələrinin Latviyadakı səfirliklərinin nümayəndələrinin görüşü keçirilib. Bundan başqa, səfir Elman Zeynalov Latviya Xarici İşlər Nazirliyinə gedərək dərslikdə yol verilmiş nöqsanlardan narahatlığını bildirib və qarşı tərəfə nota təqdim edib.
G. Muradov əlavə edib ki, yaranmış məsələ ilə əlaqədar araşdırma aparılıb və məlum olub ki, dərslik orta məktəblərdə istifadə olunmur. Bunu Latviya Təhsil Nazirliyi də təsdiqləyib. Latviya XİN bir daha bəyan edib ki, coğrafi xəritədə əksini tapmış səhv Latviyanın rəsmi mövqeyini əks etdirmir və rəsmi Riqa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Qeyd edək ki, Latviyada çap olunan "Yeni dünya coğrafiyası" dərsliyində Azərbaycanın tərkibində qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcud olduğu göstərilib və separatçı rejimin bayrağı öz əksini tapıb.