Azadlıq uğrunda mübariz - Ələkbər Talıbov Hadisə

Azadlıq uğrunda mübariz - Ələkbər Talıbov

Ömür dedikləri coşqun çay kimi,
Kükrəyir,köpürür,hər zaman gedir.
Ona bel bağlama o qədər də sən
Bəzən açılmamış gül,bağban gedir.
Ey könül, fürsəti fövtə vermə gəl,
Gün keçir,ay ötür,il yaman gedir.
Yarat, sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir.


Xalqın tarixini qəhrəmanlar yaradır. Öz mərdliyi, cəsarəti və qəhrəmanlığı ilə tarixə düşən şəxsiyyətlərdən biri də Ələkbər Hacı Məmmədəli oğlu Talıbovdur.
Ələkbər Talıbov 1953-cü il avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası-Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat Firqəsinin üzvü olub,sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib.Ələkbər Talıbov 1970-ci ildə Bankə qəsəbə 1 saylı orta məktəbini bitirib.1971-1973-cü illərdə Kamçatkada hərbi dəniz donanmasında xidmət edib.
Hərbi xidmətdən sonra Bakı Balıqçılıq Texnikumunun gəmi sürücülüyü şöbəsini bitirib. Bankə Balıq Kombinatının Vostok gəmisində matros,kapitan köməkçisi, 1988-ci ildən kapitan vəzifəsində çalışıb. Milli Azadlıq Hərəkatı dönəmində gəmisinə “Azadlıq” adı verib, orada dövlət bayrağı kimi üçrəngli bayrağımızı dalğalandırıb.
1988-ci ildə Azərbaycanda baş verən hadisələrdə Ələkbər Milli Azadlıq Hərəkatına qoşulmuş və Neftçalada Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri olmuşdur. 1990-cı ildə işğalçı rus-erməni ordusunun Bakıya təcavüzünü qəzəblə qarşılayan gənc rayonda etiraz nümayişlərinin fəal iştirakçılarından birinə çevrilmişdir. Yanvarın 25-də Neftçalada qanlı qırğın törədən işğalçı ordunun soldatları tərəfindən Ələkbər yaralanmış və xalq cəbhəsinin fəalı kimi həbs olunub Şüvəlan təcridxanasına aparılmışdır. Azad olunan Ələkbər Talıbov sonralar respublika Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif edilmişdir. 1992-ci ildə Bankə Balıq Kombinatı direktorunun müavini işləmiş, sonrakı illərdə yenidən balıqçı gəmisinin kapitanı kimi öz fəaliyyətini davam etdirmişdir.
1999-cu il dekabrın 12-də bələdiyyələrə keçirilən seçkilərdə yüksək səs toplayıb Bankə bələdiyyəsinin üzvü seçilmişdir .2012-ci ildə Xəzər Dənizçilik Akademiyası nəzdində kurs bitirib, kapitan diplomu və serfikatı alıb. 2012-ci ildən 2020-ci ilin yanvarınadək Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Xilasetmə Xidməti İşləri İdarəsində gəmi kapitanı vəzifəsində çalışmışdır.
20 Yanvar əlili, Prezident təqaüdçüsüdür.
İbrahim Nurlu “Neftçalada yanvar qırğını” kitabında yazır: “Əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir,sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. 1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Ələkbər Məmmədəli oğlu Talıbov yaralanmışdır”. Müəllifə ünvanlanan məktubların birində Ələkbər Talıbov haqqında danışılırdı: “Süngü Ələkbərin sol qaşı altına soxulmuşdu. Qan axıb gözünə dolurdu. Əlləri bağlı olduğundan nə qanı silir,nə də qanı saxlaya bilirdi. Sonradan qan soyuqdan laxtalanıb qurusa da, göz qapağı şişmişdi. Sanki ağır yük vardı. Gözünü qırpa bilmirdi”.
Ələkbər Zahidov “Müstəqillik yollarında” kitabında yazır ki, meydan dağıdıldıqdan sonra respublikada komendant saatı qoyuldu, cəzalandırma, durğunluq dövrü başlandı. Neftçaladan da meydanda axıra qədər qalanlar vardı, onlar da möhkəm döyülmüşdülər, bədənləri qançır olmuşdu. Ələkbər Talıbov da belələrindən idi.
Ələkbər Talıbov 2020-ci ildə martın 8-də qəflətən dünyasını dəyişdi. Onun vəfatı bizim üçün olduqca ağır itkidir. Bu itki ailəsini, yaxınlarını, mübarizə silahdaşlarını və onu tanıyanları dərindən sarsıtdı. Dəfn mərasimində iştirak edən 20 Yanvar qaziləri, Qarabağ qaziləri, döyüş yoldaşları Ələkbər Talıbovun mərd, cəsur, vətəni üçün mübariz şəxs olduğunu vurğuladılar. Ələkbər Talıbovun vəfatı onları da sarsıtmışdı. Mən də dəyərli müəllimim, tarix üzrə fəlsəfə doktoru, dos.Sübhan Talıblıya dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun.

Mirvari Mahmudlu
Bakı Qızlar Universitetinin Filologiya-Tarix fakültəsinin Tarix müəllimliyi ixtisasının tələbəsi