Türkiyə hərbçiləri ilə birgə irimiqyaslı təlimlər Hadisə

Türkiyə hərbçiləri ilə birgə irimiqyaslı təlimlər

Azərbaycanın müdafiə naziri təlim bölgəsində müşavirə keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ali Baş Komandanın şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb edilib.
Təlimin planına uyğun olaraq döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib. Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib. Qeyd edək ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlimlər mərhələli surətdə sentyabrın 20-dək davam edəcək.