Müxalifət olmaq istəyirsinz? Hadisə

Müxalifət olmaq istəyirsinz?

Elçin Mirzəbəyli

Yenə müxalifətçilik davası başladı...
Yenə ittihamlar və kin püskürmələri medianı başına götürdü...
Üz-üzə qalmaqdan qorxduqları üçün dünənlərini yaddaşlarından silən böhtan və hər dağarcıqları əməllərinin tarixdən də pozulduğunu zənn edib ölkə gündəminə hücum çəkdilər.
Əslində təəccüblənməyə də dəyməz. Müxalifətçilik davası bunların həyat kredosuna çevrilib. Müxalifət olmaq uğrunda "mübarizə" və bu "mübarizə"nin yekun nəticəsi olaraq gah şimalın, gah cənubun, gah da qərbin nüfuz müvəkkiliyini və qrantlarını qazanmaq bu adamların yeganə hədəfidir. Keçmişdən, buraxılan səhvlərdən nəticə çıxarmaq əvəzinə "məsim günah"larından qorxan yeniyetmələr kimi baş verənləri unutmağa çalışan bu 526 meqabaytlıq beyin sahibləri nə zaman siyasi hakimiyyət uğrunda mübarizə aparıblar ki?... Deyən gərək....
Deyəcək bir kimsə yoxdursa mən deyim: Müxalifət olmaq istəyirsiniz, olun! Ömrünüzün sonunadək! Ümummilli hədəflərimizə, dəyərlərimizə, keçdiyiniz yola, elan etdiyiniz prinsiplərə, arxasında gizləndiyiniz ideyaya, mənəvi dəyərlərə, əxlaqi kriteriyalara, atanıza, ananıza... və sizi adam yerinə qoyacaq bir kimsə tapmasanız özünüzə qarşı müxalifət olun! Yetdimi? Xoşbəxt oldunuzmu? Onsuz da sizin üçün fərqi yoxdu...
İngilisin, farsın, ya da rusun olsun...
Bir az ömrü uzun olsun...
İllərdi eyni ağızlardan eyni sözlər köpüklənir: "Cib müxalifəti", "əl müxalifəti"... Hə, nə olsun? Deyəcək başqa nə sözünüz var? Bəs milli maraqları satan, xəyanətkar, satqın, dönük... "müxalifət" olmaq necədir, xoşunuza gəlirmi? Gəlirsə, o zaman davam edin... və xoşbəxt olun! Amma başqalarını... ittiham etməyin! Çünki ittihamlarınızın qarşılığını artıqlaması ilə alacaqsınız...
Məsələn, Əli Kərimliyə xatırladacaqlar ki, Əbülfəz Elçibəyin otağına yerləşdirdiyi qurğu vasitəsilə əldə etdiyi məlumatları kimə və necə ötürürdü... Ən yaxın adamı və vasitəçisi "Azad qadın" heykəlinin 6-cı mərtəbəsində yerləşən mərkəzdən hansı təlimatları alırdı...
Kamil Vəli Nərimanoğlundan soruşacaqlar ki, sənin İstanbul Aydın Universitetinin Heydər Əliyev və Qafqaz Araşdırmaları Mərkəzinin rəhbərlərindən biri kimi fəaliyyətin nədən ibarət olub?
Kamil Vəli, sən bütün bu riyakar əməllərin barədə məlumatları İstanbul Aydın Universitetinin rəsmi saytından sildirə bilərsən, amma yaddaşlardan və daha etibarlı mənbələrdən sildirməyə gücün çatmaz... Vaxtlə mərhum prezident Heydər Əliyevin keçirdiyi müşavirədə onun hər kəlməsini sinənə qədər enən başının hərəkəti ilə təsdiq etdiyini sübuta yetirən videokadrları isə AzTV-nin arxivindən sildirməyə heç gücün çatmaz...
Cəmil Həsənliyə deyəcəklər ki, parlamentdə təmsil olunduğun zaman indi "müxalif" olduğun iqtidarın nazirlərinin ünvanına səsləndirdiyin ağlasığmaz tərifləri nə tez unutmusan? Kitablarında yazılanları və yazdıqlarını da həmçinin...
Və bütün bu şəxslərə, eləcə də onlarla eyni əxlaqı bölüşən insanlara sual edəcəklər ki, sizin Rusiyanın Azərbaycanda həyata keçirmək istədiyi "Milli Şura" layihəsində nə işiniz vardı?
...Sadaladıqlarım bildiklərimin çox cüzi bir hissədidir və sizə ünvanlanacaq yüzlərlə sual var ki, heç birinə cavab vermək iqtidarında deyilsiniz...
P.S. Cəmil Həsənli "Azadlıq" qəzetinə verdiyi müsahibəsində deyir ki, "Səid Nurinin videosunu görən hansı əcnəbi Azərbaycana gələcək?" Bu da "Milli Şura" sədrinin məntiqi... Cəmil Həsənlinin məntiqinə görə, əcnəbilər Azərbaycana Səid Nurinin məlum videodakı görüntülərini təkrarlamaq üçün gəlirlər... Və bu adam hər kəlməsinin sonunda namusdan danışır... Lənət şeytana...