İmtahanlarda tələbələrə müəyyən güzəştlər ediləcək Hadisə

İmtahanlarda tələbələrə müəyyən güzəştlər ediləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-2020-ci tədris ilinin yay imtahanlarında tələbələrə müəyyən güzəşt ediləcək. ADNSU-dan bildirilib ki, ali təhsil ocağı “Unibook” sisteminə malikdir. Tələbələr semestrin əvvəlindən bütün materialları alıblar. Əvvəlki illərdən fərqli olaraq onlara passiv sillabusdan suallar düşməyəcək. Yalnız aktiv sillabusdakı materiallar olacaq. Bu da uyğun materialların təxminən 55 faizidir. Sualların hamısı orta və yüngül dərəcəlidir. Tələbənin cavablandırdığı hər sual üzrə müəllim həmin cavaba uyğun azı bir sual verərək biliyi müəyyənləşdirəcək.
Ümumilikdə imtahan balı tələbənin imtahanqabağı aktivliyi və imtahanda verdiyi cavab əsasında formalaşacaq. Bu, 30 faiz/70 faiz nisbətində götürülüb. Belə ki, 30 faiz aktivlikdən, təqdimatdan, 70 faiz isə imtahanda verdiyi cavabdan formalaşacaq. Orada da hər bir suala 1,4 əmsalla baxılacaq, yəni əvvəl tələbə 10 bal ala bilirdisə, indi həmin sualdan 14 bal ala biləcək. Müəllim tələbənin semestr ərzində qazandığı biliyini 100 ballıq şkala üzrə 85 bal qiymətləndirirsə, o olduğu kimi qəbul ediləcək. İmtahan prosesi izləniləcək, videoformatda çəkiləcək, hər bir tələbənin cavabı dinləniləcək.