Gənc tədqiqatçılar Avropaya göndəriləcək Hadisə

Gənc tədqiqatçılar Avropaya göndəriləcək

Tural

AMEA-nın əsas binasında Direktorlar Şurasının növbəti iclası keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, Direktorlar Şurasının sədri, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, öncə qrant layihələrinin düzgün idarə olunması, elmi-tədqiqatların büdcədən maliyyələşdirilməsi və s. ilə bağlı məsələləri nəzərə çatdırıb.
Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev akademiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə qurumun inzibati məsələlərinin hüquq normaları çərçivəsində tənzimlənməsi, kargüzarlıq işlərinin lazımi səviyyədə qurulması istiqamətlərində aparılan işlərdən danışıb. AMEA elmi müəssisələrində kargüzarlıq işlərinin tələblərə cavab vermədiyini söyləyən R.Ağasiyev bu istiqamətdə sənədlərin forma və tərtibatlarına diqqət yetirməyi tövsiyyə edib. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qrant layihələrinin idarə olunması, maliyyələşdirilməsi istiqamətdə görülən işlər barədə məlumat verib.
İclasda AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub. Qeyd edib ki, elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdırlar. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri elmi şuraların iclaslarında müzakirə olunmalıdır.
Gündəlikdəki məsələlərlə bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və başqaları çıxış edərək, Elmin İnkişafı Fondu və ARDNŞ-in Elm Fondunun müsabiqələrinin nəticələrindən danışıblar. Azərbaycan alimlərinin qurultayı, elm festivalına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.