Qənirə Paşayevaya İsmail Bəy Qaspirallı mükafatı verilib Hadisə

Qənirə Paşayevaya İsmail Bəy Qaspirallı mükafatı verilib

Millət vəkili: "Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır"

Millət vəkili Qənirə Paşayevaya İsmail Bəy Qaspirallı İnsan Haqları mükafatı verilib. Türk dünyasından tanınmış siyasətçilərin və media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsi mərasimində Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat və media qurumları, alimlər iştirak ediblər.
ŞKTC-nin prezidentinin müşaviri, tanınmış ziyalı, yazar və jurnalist Ata Atun bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklər və türk xalqlarına əlindən gələn dəstəyi göstərir və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bğlgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti bu mükafatın ona verilməsi haqqında qərar qəbul edib. Millət vəkili Qənirə Paşayeva ilə bərabər bu mükafata daha 4 nəfər Kırım Türklərinin lideri Musfata Abdülcemil Kırımoğlu, Kırım Tatar Milli Məclisi Başqanı Refat Çubarov, Irak Türkmen Cəphesi Lideri ve Kərkük millət vəkili Erşat Salihi, Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa layiq görülüb. İsmail Gaspıralı Gazetecilik ve İnsan Hakları Özəl Ödülü isə Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanı Dr.Derviş Eroğluna verilib.
Millət vəkili Qənirə Paşayeva İsmail Bəy Qaspirallı İnsan haqları mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğulayıb: "Mən bu mükafatı bu gün mənim burada ola bilməm üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, fədakarca çalışan böyük dövlət adamlarımiz və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm ".
Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlıərdən danışan millət vəkili Qənirə Paşayeva "güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik" deyib. Onin sözlərinə görə Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır: " Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik".