Vahid Əhmədov hökumətə çağırış etdi Hadisə

Vahid Əhmədov hökumətə çağırış etdi

"Bələdiyyələrə dövlət büdcəsindən vəsait artırılmalıdır"

Dünən Milli Məclisdə keçirilən 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qeyri-neft sektorunun inkişafının problemli olduğunu bildirib.
Deputat qeyd edib ki, ölkə prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafına diqqəti ayırmağı tövsiyə etsə də, bununla bağlı problemlər mövcuddur. Onun sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə daxil olan gəlirləri araşdırmaq lazımdır: "Həmin gəlirlər gələcək nəsillərə aid vəsaitlərin xərclənməsidir". O, buna görə Hesablama Palatasına müraciət edib və deyib ki, Hesablama Palatası bununla bağlı şəffaf iş aparmalıdır.
Komitə üzvünün sözlərinə görə, 2014-cü il və 2015-ci il dövlət büdcələrində bələdiyyələrə eyni həcmdə, yəni 5,2 milyon manat vəsait ayrılması əslində yerli özünüidarəetmə orqanlarının fəaliyyətlərinə ciddi əngəl yaradan amillərdən biridir. O, qeyd edib ki, bələdiyyələrə dövlət büdcəsindən vəsait artırılmalıdır və 5,2 milyon manat olduqca azdır. Vahid Əhmədov dövlət xərclərinin artırılmasına da etiraz edib. O, maliyyə naziri Samir Şərifova müraciətlə qeyd edib ki, Rəqabət Məcəlləsi qəbul edilməlidir: "Rəqabət Məcəlləsi 10 ildir qəbul edilmir. İqtisadiyyat və Sənaye Nazirliyi məcəllənin artıq qəbul edilməsi ilə bağlı konkret addımlar atmalıdır".