Bakı yolları yenə bağlanacaq Hadisə

Bakı yolları yenə bağlanacaq

İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfəri ilə bağlı Bakıda bir sıra yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə "Trend"ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfəri ilə əlaqədar noyabrın 12-si saat 13:00-dan noyabrın 13-ü 14:00-dək Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: "Belə ki, 13:00-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından Zağulba istiqamətində, həmçinin Aeroport şosesi ilə paytaxtın mərkəzi istiqamətində Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək".
V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərdən xahiş edir ki, qeyd edilən küçə və prospektlər istiqamətində şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər.