Azərbaycanlılar Poroşenkoya təkliflər göndəriblər Hadisə

Azərbaycanlılar Poroşenkoya təkliflər göndəriblər

Ukraynada azərbaycanlılar da daxil olmaqla, azsaylı xalqlar ölkə prezidentinə və Ali Radaya Ukraynada antisemitizmin, ksenofobiyanın, irqi və milli dözümsüzlüyün aradan qaldırılması ilə bağlı təkliflər paketi ünvanlayıblar.
Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, bununla bağlı Kiyevdə azsaylı xalqları təmsil edən təşkilatların birgə keçirdiyi toplantıda qərar qəbul olunub. Ukraynada yaşayan azərbaycanlıların, tatarların, yəhudilərin, rusların, moldovanların, gürcülərin, qaqauzların və Orta Asiya xalqlarının nümayəndəlirinin iştirakı ilə hazırlanan paketin təqdimatında Ukrayna Nazirlər Kabinetinin etnosiyasət məsələləri şöbəsinin müdiri Gennadi Druzenko, Ukrayna milli-ictimai maraqların qorunması üzrə Milli Komissiyasının rəhbəri Vasili Kostitski, UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukraynadakı Yəhudi Fondunun rəhbəri Arkadi Monastırski, Ukrayna Qafqaz Xalqları Konqresinin sədri, Ukrayna XİN-nin əməkdaşı Paşa Məmmədov, İsrailin Ukraynadakı səfirinin müavini İsak Carmel Kagan, Almaniyanın Ukraynadakı səfirinin müavini Anka Feldhuzen, azsaylı xalqları təmsil edən təşkilat rəhbərləri və digərləri iştirak ediblər.
Toplantıda bildirilib ki, hazırda bir çox Avropa ölkələrində, o cümlədən Ukraynada "faşizm" və "nasizm" kimi terminlərin istifadəsində yol verilən məsuliyyətsizlik elə antisemitizmin təzahürləri kimi millətlərarası münaqişələrin alovlanmasına səbəb ola bilər. İştirakçılar təkliflər paketinin tətbiq olunacağı təqdirdə bu alovun qarşısının alınacağının mümkünlüyünü söyləyiblər.