Hərbi ekspert: Ermənilər daim mülki əhalini canlı sipər kimi istifadə edib Hadisə

Hərbi ekspert: Ermənilər daim mülki əhalini canlı sipər kimi istifadə edib

Ermənistanın mülki şəxsləri döyüşdə sipər kimi istifadə etməsi həmişəki yaramazlıqlarından biridir.

Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, ermənilər daim mülki əhalini canlı sipər kimi istifadə edib: "Onlar bununla beynəlxalq qurumlara sübut etmək istəyirlər ki, guya Azərbaycan Silahlı Qüvvələri Ermənistanın mülki əhalisini atəşə tutub. Amma beynəlxalq qurumlar yaxşı olardı ki, Ermənistan ordusunun Azərbaycanın mülki əhali yaşayan ərazilərinə atəş açmasına diqqət yetirsin. Son məlumata görə, artıq 31 mülki vətəndaşımız Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olub, 154 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 928 ev yararsız vəziyyətə düşüb. Hazırda da ermənilərin vəhşilikləri davam edir. Azərbaycan Ordusu isə heç vaxt mülki əhalinin yaşadığı ərazini hədəf seçməyib. Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, bizim hədəfimiz düşmənin işğalçı qüvvələridir. O qüvvələr ki, Azərbaycanın mülki və hərbi obyektlərinə atəş açır. Həmin qüvvələrə dəfələrlə xəbərdarlıq etmişik ki, mülki vətəndaşlara atəş açan qüvvələr zərərsizləşdiriləcək".

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu bundan sonra da işğalçıları məhv edəcək: "Erməni işğalçıları ağıllarını başlarına yığıb işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələri lazım olan bütün işləri görəcək. Ermənistan hazırda son çırpıntılarını edir. Azərbaycan Silahlı Qüvvələri yaxın günlərdə düşmənin olan-qalan bütün qüvvəsini də darmadağın edəcək".