“Olmayan cəsədlər üçün olmayan əməliyyat...” Hadisə

“Olmayan cəsədlər üçün olmayan əməliyyat...”

Sahib Alıyev: "Helikopter raketlə vurulduğundan və yerə düşən kimi də partlayıb yandığından onun içindəkilərdən çətin ki nəsə qala"

"Sosial şəbəkədə ötən günün ən çox verilən sualı ermənilərin Ağdamda vurulan helikopterlərinin ekipaj üzvlərinin cəsədlərini olay yerindən götürüb-götürməmələri ilə bağlıydı...Mənə elə gəlir ki, sual əslində bu cür qoyulmalıdır ki, orada cəsəd deyilən nəsə var, yoxsa yoxdur? Və əgər varsa, bu qədər müddətdə qurd-quş onlardan əsər-əlamət qoyubmu qalsın?"
Bunu Milli Məclisin (MM) deputatı Sahib Alıyev dilə gətirib. Onun dediyinə görə, bəzi erməni qaynaqları hələ ötən həftə olay yerində nəinki cəsəd, heç onların fraqmentlərinin belə nəzərə çarpmadığını bildirirdilər: "Belə anlaşılırdı ki, Ermənistandakıları cəsəd deyil, daha çox vurulan helikopterdəki hansısa detallar maraqlandırır və olay yerinə ona görə can atırlar. Bizim hərbiçilərə gəldikdə erməni generallardan biri helikopterin mövqelərimizin cəmi 20 metrliyində yerə düşdüyünü açıqlamışdı. Əgər o dediyi doğrudursa, adi gözlə 20 yox, 200 metrlikdə belə meyitlərin olub-olmadığını müəyyənləşdirmək elə də çətin deyil.
Demək onların bu haqda dəqiqi bilgiləri var, amma müəyyən səbəblərdən heç nə demirlər. Və düz də edirlər. Mənə isə elə gəlir ki, əgər helikopter göydə vurulmasaydı, sadəcə yerə düşmüş olsaydı, onda cəsədlərin varlığından danışmaq mümkün idi. Ancaq helikopter raketlə vurulduğundan və yerə düşən kimi də partlayıb yandığından onun içindəkilərdən çətin ki nəsə qala.
Fikrimcə, ermənilərin olay yerindən cəsədləri götürmələri haqda şouları da məhz buna hesablanıb. Və bu şounun adı belədir: "Olmayan cəsədlər üçün olmayan əməliyyat".