Bakıda məscidi yandırmaq istədilər Hadisə

Bakıda məscidi yandırmaq istədilər

Mübariz Qurbanlı: "Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək"

QMİ: "Qaraçuxur məscidində yanğın hadisəsi kənar qüvvələr tərəfindən törədilib"

Ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib
M.Qurbanlı APA-ya açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədri müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir.
M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: "O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək".
Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib ki, gecə 01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar.
Onun sözlərinə görə, həmin şəxslər barəsində araşdırma aparılır: "Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır".
S.Heydərov bildirib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Qaraçuxur məscidinin yandırılması cəhdinə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən ekskluziv açıqlamada bildirilir ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma daxilində heç bir problem yoxdur.
QMİ-dən bildirilib ki, baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün də hüquq mühafizə orqanları məşğul olur: "Hüquq-mühafizə orqanları araşdırmanın nəticəsini açıqladıqdan sonra hadisəyə öz mövqeyimizi bildirəcəyik".