Azərbaycanın Şanlı qələbəsi ərəb mediasında Hadisə

Azərbaycanın Şanlı qələbəsi ərəb mediasında

Tanınmış jurnalist Vüsal Tağıbəylinin Vətən Müharibəsində qazandığımız qələbə və Dağlıq Qarabağ probleminin həllinə dair məqaləsi İordaniya və Misirin tanınmış saytlatında dərc edilib. SİA V.Tağıbəylinin ərəb mediasında dərc edilən məqaləsinin Azərbaycan variantını təqdim edir:

Azərbaycan xalqı 30 illik işğala son qoyaraq qələbə çaldı

Azərbaycan ordusu, nəhayət ki, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına azadlıq günü kimi yazıldı. Təxminən 30 ildir Ermənistan tərəfindən işğal edilmiş qədim azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzun azad edildiyi, Ermənistan hökumətinin təslim olmaq barədə qərarı elan etdiyi andan Azərbaycan xalqı uşaqlı-böyüklü, qadınlı-kişili küçə və meydanlarda, əllərində üçrəngli, ay-ulduzlu bayrağımızla şənlənməkdədir. Çünki 30 illik işğal dövrü, Qarabağ bölgəsindən məcburi köçkünə çevirdiyi çox-çox insanın bir gün evinə dönmək arzusunu ürəyində qoydu və onlar torpaq niskili ilə dünyalarını dəyişdilər. 30 il sonra – bu gün isə bu arzuya çatacaqları günü gözləyən həmin köçkünlər sevincdən sanki həyata ikinci dəfə gəliblər. Bu insanlar 30 illik ayrılığın sevincini məhz küçə və meydanlarda qarşılamaqla dünyaya göstərmək istəyirlər ki, işğal olmasın, insanlar eveşiklərindən qovulmasın, xalqlar sülh və əminamanlıq, mehriban dostluq və qobşuluq şəraitində yaşamalıdırlar.

Bu yerdə bildirim ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev artıq uun illərdir Ermənistanı sülhə dəvət edirdi. Təklif edirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxsın. Bundan sonra isə Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu veriləcək, Ermənistanla hər cür iqtisadi-ticarət əlaqələri qurulacaq, nəqliyyat-infrastruktur yaradılacaq, Ermənistanın ərazisi də beynəlxalq yanacaq-energtika, daşıma-tranzit layihələrinə salınacaq və sair. Amma hər dəfə Ermənistan rəhbərliyi bu təkliflərə nəinki yox dedi, hətta bəzən hərbi hücumlarla – Azərbaycanın kənd və şəhərlərinə atəş açmaqla, hərbi təxribat törətməklə cavab verdi. Çünki ermənilər 30 il ərzində işğal etdikləri torpaqlarda sözün əsl mənasında qala-istehkam yaratdıqlarını və Azərbaycan ordusunun heç vaxt onlara qalib gələ bilməyəcəyini düşünürdülər. Bu yanlış fikri isə, onlarda işğalı dəstəkləyən və onları pulsuz silah-sursatla təmin edən dövlətlər yaratmışdı...

Heç vaxt heç bir ölkədən açıq dəstək almayan azərbaycan dövləti böyük səbrlə öz ordusunu gücləndirdi, ən müasir silah və texnika ilə təmin etdi və nəticəsi göz qabağındadır – 27 sentyabr tarixindən 10 noyabr tarixinədək 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində işğal altında qalmış Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Bu isə ümumilikdə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklərin işğaldan azad olunması demək idi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.

Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Bundan sonra isə, Ermənistan rəhbərliyi məğlubiyyətini başa düşdü və təslim olduğunu elan etdi. Bununla da, Azərbaycan xalqı Ermənistanın 30 illik işğal siyasətini çökdürdü və qələbə çaldığını dünyaya bildirdi.

İndi çoxları düşünür ki, Qarabağda yaşayan ermənilərin aqibəti necə olacaq. Bunun cavabını, əsində, Prezident İlham Əliyev dəfələrlə verib. Dövlət başçısı bildirib ki, Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və vətəndaşlığın onlara verdiyi bütün hüquq və azadlıqlardan maksimum yararlanacaqlar. Onlara öz dillərini, mədəniyyətlərini inkişaf etdirmək üçün də maksumim şərait yaradılacaq. Rusiya və Türkiyə sülhməramlılarını bölgədə yerləşməsinə gəldikdə, bu, hər hansı etnik xoşagəlməzlik olmasın deyə edilir və sülhməramlılar Qarabağda 5 il müddətində qalacaqlar. O vaxtadək qarabağlı ermənilərlə azərbaycanlıların bir-birinə təmas edərək, uyğunlaşması yəqin ki, mümkün olacaq. Əlbəttə, zərurət yaranarsa, sülhməramlıların orada qalma müddəti növbəti beş illiyinə uzadıla bilər.

Hər halda, Ermənistan öz üzərinə öhdəlik götürüb ki, noyabrın sonunadək – 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından da qoşunlarını tam çıxaracaq. Nəticə etibarilə, daha çox qan tökülmədən, itki verilmədən bütün rayonlarımız işğaldan azad olunur.

Hə, müharibənin başa çatması haqda imzalanmış sənəddə qeyd edilmiş bir maraqlı məqam da Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisindən

Naxçıvanla birbaşa dəhlizin yaradılmasını məsuliyyətini öz üzərinə götürüb...

Bu qələbə azərbaycanlılar haqqında süni şəkildə formalaşdırılmış məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Artıq bu qələbə Azərbaycan xalqının əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

***

Məqalənin ərəb mətbuatında yayımlanmış variantı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

http://www.aldawlanews.com/archives/717377?fbclid=IwAR3waXZVzVrJgLp2oA-g2PwgP5fmMaKCT2eywhP4L7qoat8jpSAbcY29VU0

https://www.aldiplomasy.com/?p=99310&fbclid=IwAR0wwW5IGhE8HPavqnr3fyOa_avsWuHxyVZG3i_S9d7VSfVJSYEOktDaiHo

http://nabdapp.com/t/79834558?fbclid=IwAR3BP_Jw43482jbGhKg6JoLR3dWrHBit_wh9yH3kaE0WE6ljCPLSUL3LTTg

https://www.asiaelyoum.com/93372/2020/11/11/%d8%a7%d9%84%d8%b4%d8%b9%d8%a8-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a-%d9%8a%d9%86%d9%87%d9%89-%d8%a7%d9%84%d8%a7%d8%ad%d8%aa%d9%84%d8%a7%d9%84-%d8%a7%d9%84%d8%b0%d9%8a/?fbclid=IwAR0piotLggPnnMe1l02oPHSG2dLtJxWdiuE3LM1su6dkqJ0cf3nfecUKsT0

https://www.nayrouz.com/post.php?id=177466&fbclid=IwAR0IThdVEK6wRgfWaHPwdeAAp1Kn5bAWNfSc8CFFpZZxPyFRoBcwy6MdocY#.X6vfj-JU-zI.whatsapp