“Azadlıq” radiosunun  “3T”-si Hadisə

“Azadlıq” radiosunun  “3T”-si

Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən əndişələnlərin sayı kifayət qədərdir. Hər kəsin bildiyini sadalamağa xüsusi ehtiyac görmürəm. Amma aralarında Ermənistan istisna olmaqla, bu narahatlığı dilə gətirən, məqsədyönlü və açıq informasiya təxribatları törədənlərin, azərbaycanlı məcburi köçkünlərin 30 illik faciəsinə son qoyulmasını şəxsi faciəsi kimi qəbul edənlərin sayı bir o qədər də çox deyil. Yəni müqayisədə... Əl barmaqlarıyla sayılması mümkün olmasa da, ayaq barmaqlarını da əlavə edib ortaq rəqəmi müəyyənləşdirmək olar... Məntiqlə, informasiya siyasətlərini yalanın ayaq tutub yeriməsi təşkil edən dairələrin sayının ayaq barmaqları ilə müəyyənləşdirilməsi daha doğru olar. Bu səbəbdən də, yalanın informasiya ayağının “erməni göbələyi”nə bürünmüş “baş barmağı”ndan – “Azadlıq” radiosundan başlayaq.
Radionun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyini hər kəsə bəllidir. Baxmayaraq ki, “Azadlıq” radiosu öz kodeksində “heç bir siyasi partiyadan, hakim və ya müxalifət dairələrindən, mühacirət təşkilatlarından, ticari və ya xüsusi maraqları olan digər təşkilatlardan, dini qurumlardan asılı olmadığını”, “heç bir konkret siyasi, iqtisadi və ya dini dünyagörüşü dəstəkləmədiyini və ya təbliğ etmədiyini” bildirir. Təsəvvür edin, 1970-ci ilədək Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsindən, 1973-cü ildə birbaşa ABŞ büdcəsindən dotasiya alan, 1976-cı ildən sonra isə ABŞ Konqresi vasitəsilə maliyyələşən bir kütləvi informasiya vasitəsi öz kodeksində bu qədər misli görünməmiş həyasızlıqla yalan danışırsa, görün o Azərbaycana qarşı necə yalan və böhtanlar uydura, hansı təxribatlara əl ata bilər.
Qeyd edim ki, ötən il “Azadlıq” radiosunun büdcəsini 87 milyon ABŞ dolları təşkil edib. Məlum olduğu kimi, büdcə ABŞ Konqresində təsdiqlənir və təbii ki, burada təmsil olunan siyasi partiya təmsilçilərinin – respublikaçıların və demokratların iradəsinə uyğun olaraq... “Azadlıq” radiosu isə öz kodeksində iddia edir ki, “heç bir siyasi partiyadan asılı deyil”. Sözün bitdiyi yer...
Burada bir məqamı da dəyərli oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm: ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq” radiosunun materiallarının Birləşmiş Ştatların ərazisində yayılması və ABŞ vətəndaşlarının bu radionun materiallarına müraciət etməsi qanunvericiliklə qadağan edilib. Təbii ki, bu halda, ortalığa sadə olduğu qədər də məntiqli bir sual çıxır: Niyə? Nə üçün ABŞ büdcəsindən maliyyələşən və bu ölkənin qanunverici orqanının yuxarı palatasının faktiki təsisatı olan bir radionun materiallarından istifadə həmin ölkənin ərazisində qadağan edilib? Əgər “Azadlıq” radiosunun fəaliyyəti bu qədər önəmlidirsə və onun bir illik fəaliyyətinə 87 milyon ABŞ dolları xərclənirsə, o zaman ABŞ vətəndaşları hansı səbəblərdən “dəqiq” və “obyektiv” informasiya vasitəsinin xidmətindən məhrum ediliblər? Cavab da elə sualın özü qədər sadədir: Çünki “Azadlıq” radiosu kütləvi informasiya vasitəsi yox, üç “T”-dir. Yəni TƏBLİĞAT, TƏŞVİQAT VƏ TƏXRİBAT vasitəsidir. Belə olduğu təqdirdə, “Azadlığın” kodeksinin yuxarıda iqtibas gətirdiyim müddəasında yer alan məqamlar da aydınlaşır. “Azadlıq” radiosu hansı ölkələrdə yayımlanırsa, o ölkələrin “siyasi partiyalarından, hakim və ya müxalifət dairələrindən, mühacirət təşkilatlarından, ticari və ya xüsusi maraqları olan digər təşkilatlardan, dini qurumlarından asılı deyil”. Radio yalnız onu maliyyələşdirənlərdən – ABŞ Konqrsesindən, oradakı siyasi partiyaların nümayəndələrindən və onların maraqlarından asılıdır.
Bu radionun Azərbaycana olan qərəzi isə yeni deyil. Uzun illərdir ki, ölkəmizə qarşı adından başqa hər şeyi maraqlara buxovlanmış bu radio tərəfindən təxribat xarakterli informasiya siyasəti yürüdülür. Azərbaycan ordusunun qələbəsindən sonra isə “Azadlığın” təxribatları daha intensiv xarakter alıb. Radio Yuxarı Qarabağda – Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin geriyə qayıtmasını təbliğ edən reportajlar yayımladığı halda, azərbaycanlı məcburi köçkünlərlə bağlı beynəlxalq ictimai rəydə yanlış fikirlər formalaşdırmağa çalışır.
Radionun erməni dilində olan seqmentində “Dağlıq Qarabağ” ayrıca subyekt, hətta “Muxtar Vilayət” kimi təqdim olunur, “Dağlıq Qarabağın özünümüdafiə ordusu”ndan söz açılır və guya bu qondarma “ordu”nun “atəşkəs rejiminə ciddi şəkildə əməl etdiyi” bildirilir. Halbuki Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladığı məlum bəyanatda hansısa “müdafiə ordusu”ndan söz açılmır və kapitulyasiyanı təsdiqləyən tərəf kimi, yenə də hansısa qondarma subyekt deyil, rəsmi İrəvan çıxış edir.
Bütün bunlar isə sübuta yetirir ki, “Azadlıq” radiosunun informasiya siyasətini müəyyənləşdirən dairələr, yəni “pulunu ödəyib müsiqini sifariş verənlər” Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyillər. Musiqi isə, göründüyü “heavy metal hard rock” üslubundadır...

Elçin Mirzəbəyli