Heydər Mirzə: “Onu vermə-bunu vermə, bəs nə edək?!” Hadisə

Heydər Mirzə: “Onu vermə-bunu vermə, bəs nə edək?!”

İctimai Televiziyada yayımlanan “RADİUS” hərbi-analitik proqramının aparıcısı Heydər Mirzə Vətən Müharibəsinin kadrlarını əks etdirən peşəkar videogörüntülərin olmamasından şikayətlənib.
Teleaparıcı hərbi verilişi hazırlayarkən ciddi problemlə üzləşdiklərini etiraf edib:
“Veriliş çəkirsən, müharibə xatirələri haqda müsahibə gedir, arxa fona kadr yığmaq istəyirsən. Nə götürməlisən? Bəli - real döyüş kadrları. Bunlar hardadır? Bəli, ya ermənilər, Peqov, ANNA- falan çəkənlərdir, ya da ki bizim əsgər və zabitlərimizin videoya çəkdikləri. Çünki müharibə zamanı jurnalistlərimiz, müxbirlərimiz real döyüş şəraitində yalnız artilleriya döyüşünü çəkə bilirdilər. Bir jurnalistimiz, müxbirimiz dərinlikdə gedən döyüşləri çəkməyib, çünki icazə yox idi. Əsgər və zabitlərin də çəkdiklərinin verilişdə göstərilməsinə icazə verilmir. O olmaz, bu olmaz, onun üstündə araşdırma gedir, burda tədqiqat aparılır. Bəs nə qaldı? Nə verim mən müharibə haqda kadrlara?! Nə göstərim Qubadlının ya Şuşanın alınması haqda?! A kişi, o mövqelərdə artıq hərbi sirr əhəmiyyətini itirib, o ərazilər də artıq arxa cəbhədir, o kadrları çəkən qardaş da Allah bilir bəlkə artıq şəhid olub... Yooox, olmaz”.
Heydər Mirzə deyib ki, cəbhədə əsgər və zabitlər tərəfdən videolar icazə ilə çəkilib ya yox, bu, təbii ki araşdırılmalıdır və araşdırılır da: “Bu qanundur, qaçılmazdır, bütün dünyada ordu belə qurulur. Amma bu videolar məsələsi bütün KİV-i lüt-üryan qoyub, belə işləmək olmur.
Adam oturub PK-dan atır, adi kadrdır, hərbi sirrin iyi belə yoxdur videoda. Yoooox, olmaz. Olmaz-olmaz. Onda oturaq Şuşa haqqında qazilərimiz danışanda verək Peqovu və ANNA-nı. Hərdən də müharibədən əvvəl çəkilmiş təlim kadrlarını göstərək ki, guya döyüşdür.
Əminəm ki, bu, bütün telekanalların, hərbi müxbirlərin, blogerlərin problemidir, hesab edirəm ki fikirlərimi bir çoxları bölüşür.
Əgər kimsə fikirləşir ki müharibə xronikasını, tarixini yalnız PUA kameralarının yazıları ilə etmək olar - demək, ümumən mediadan və müasir dünyadan xəbəri yoxdur”.