Hökumət vəd verdi Hadisə

Hökumət vəd verdi

"Sovetski"dən məcburi köçürülmə olmayacaq!

Dünən Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüşü keçirilib. Görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak ediblər.
Görüşün keçirildiyi saatlarda "Sovetski" məhəlləsinin bir qrup sakini 173 saylı orta məktəbin qarşısına toplaşıb. Onlar hökumət nümayəndələrilə görüşdə təklif olunan qiymətlərin onları razı salmayacağı təqdirdə aksiya keçirəcəklərini bildiriblər. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Sakinlər ərazidən uzaqlaşdırılıblar, bir nəfər saxlanılaraq bölməyə aparılıb.
Qeyd edək ki, Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər.
Hökumət təmsilçilərilə dünənki görüşdə Təşkilat Komitəsinin üzvü Qurban Dostəlizadə deyib ki, "Sovetski" tarixi ərazidir, bura tarixi nöqteyi-nəzərdən yanaşmaq vacibdir. Q. Dostəlizadə bildirib ki, bu ərazidə mənzillərin sahəsi azdırsa, dövlət imkanı olan vaxt bu sakinlərə ipoteka krediti ilə mənzil almağa şərait yaradar: "Təmirli evlərin tikinti xərci 300-400 manatdır. İlk növbədə evlər tikilərək sakinlər orada yerləşdirilməlidir. Bu proses təmkinlə aparılmalıdır".
Təşkilat Komitəsinin sədri Namiq Quliyev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə keçən görüşdə evlərin sahələrinin damdan dama ölçüləcəyini bəyan edib: "O insanlarla danışmaq çətin olar, nəinki 7 nəfər bizimlə..."
Baş nazirinin müavini Abid Şərifov isə deyib ki, hökumət sakinlərlə görüşdən qaçmır: "Onlar sizi seçiblərsə, səlahiyyət veriblərsə, sizinlə görüşürük. Mən ömrüm boyu tikinti işləri ilə məşğul olmuşam. Hacıbala Abutalıbovun evlərin sahələrinin damdan dama hesablanması barədə sözünü isə eşitməmişəm. Mən evin sahəsinin hesablanması ilə bağlı qanundan, qaydadan danışıram. Evin sahəsi divarın içindən hesablanır. Bu qaydanı pozmağa heç kimin haqqı yoxdur".
A. Şərifov qeyd edib ki, məhəllənin söküləcəyi barədə söhbət 40-50 ildir, gedir: "Çoxlu sayda ev satın alınıb, sökülüb, tikilib. Özəl şirkətlərin də sakinlərdən evləri necə aldığından xəbərdaram. Biz kimisə köçürtmək məqsədi güdmürük. Evlərini satmaq istəyənlərin evləri alınacaq. Əgər 4-5 min evdən 100-200-ü satıb gedirsə, qalanları ilə heç kimin işi yoxdur, sağlıqla yaşasınlar".
A. Şərifov deyib ki, Bakı şəhərinin nəqliyyat məsələsi çox dəhşətli vəziyyətdədir: "Təzəpir məscidi olan yeri götürək. Hüzr mərasimində ora gedib-gəlmək olmur. Bir yanğın, hadisə olsa, camaatın vəziyyəti necə olacaq? Ona görə də məqsəd odur ki, harada mümkün olursa, nəqliyyat üçün imkanları genişləndirək. Orada elə evlər var ki, nə pəncərəsi, nə qapısı var. Oradan çıxmaq istəyən çıxsın. 3 mərtəbəli villada yaşamaq istəyən yaşasın. Mən qısa müddətdə məhəllənin baş planını hazırlatdıracağam və bir çox suallara da bununla tam cavab verəcəyəm".
Təşkilati Komitəsinin üzvləri ərazidə satılan evlərdə söküntü işləri aparılarkən oradakı evlərin kommunikasiyalarının, sanitar qovşaqlarının sıradan çıxacağını bildirib, söküntü zamanı bu məsələnin xüsusi diqqətdə saxlanılmasını istəyiblər.
A. Şərifov isə bir daha məcburi köçürülmə olmayacağını vurğulayıb.
Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov də deyib ki, hansı sakini bir kvadrat metr üçün 1500 manat qane edirsə, o, vəsaiti alıb köçəcək, qalanlar isə evlərində yaşamağa davam edə bilərlər.