Naxçıvanın taleyini həll edən Moskva müqaviləsi: 100 il sonra - TƏHLİL Hadisə

Naxçıvanın taleyini həll edən Moskva müqaviləsi: 100 il sonra - TƏHLİL

Bu gün tariximizdə ən vacib müqavilələrdən sayılan və Naxçıvanın sonrakı taleyinə bilavasitə təsir edən Moskva müqaviləsinin 100-cü ildönümüdür. Türkiyə və Rusiya hökuməti arasında imzalanan Moskva müqaviləsi uzun müddətdir ki, ermənilər tərəfindən müxtəlif səviyyələrdə qaldırılaraq qeyri-legitim saziş kimi qələmə verilir.

Qeyd etmək lazımdır ki, XX əsrin 20-ci illərində Lenin və Atatürk tərəfindən ikitərəfli münasibətlərdəki qarşılıqlı yardımlar və münasibətlərin inkişafı SSRİ və Türkiyənin düşdüyü çox ağır şəraitlə bağlı idi. O zaman həm Türkiyə, həm də Rusiya dövlət maraqlarının qorunması naminə bir-biri ilə anlaşaraq mühüm nəticələr əldə edib.

Təbii ki, həm Türkiyə, həm də Rusiya üçün bir neçə il əvvəl müharibə etdikləri Cənubi Qafqazla bağlı qarşılıqlı razılıq xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrdə Qafqazda müxtəlif dövlətlər tərəfindən erməni məsələsinin qabardılması, Türkiyəyə erməni məsələsi adı altında müxtəlif istiqamətlərdən gələn təzyiqlər Ankaradan çevik qərarlar vermək tələb edirdi. 1918-1920-ci illərdə Qarabağda olduğu kimi, Naxçıvanda da ermənilər dinc durmur, yerli əhaliyə divan tutur, bölgəni özününküləşdirmək istəyirdi. Bir sıra dövlətlərin yardımı ilə ermənilər Naxçıvana hücumlar təşkil edərək vəhşiliklər törətməklə məşğul idilər. Artıq həmin vaxt Naxçıvanda baş verənlər və qədim Azərbaycan torpağına ermənilərin iddiası beynəlxalq müstəviyə çıxarılmışdı. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da daşnak silahlı dəstələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik davam edirdi.

1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Ordubad əhalisi N.Nərimanova, S.Orconikidzeyə məktubla müraciət etdi. Müraciətdə deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur. Qızıl ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”. XI Ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvanda Sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı - Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”.

Həmin dövrdə Rusiya rəhbərliyi Zəngəzuru və Naxçıvanı Ermənistana vermək niyyətində idi. 9 noyabr 1920-ci il tarixli çıxışında İ. Stalin qeyd edirdi: “Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. Stalinin bu çıxışından 20 gün sonra Zəngəzuru iki yerə parçalayaraq bir hissəsini Ermənistana verən Moskva növbəti hədəf kimi Naxçıvanı ermənilərə bağışlamağı planlaşdırırdı. Lakin bir sıra faktorlar buna imkan vermədi....

Türkiyənin Qafqazdakı məsələlərlə bağlı həssaslığı Moskva və Ankara arasında qarşılıqlı razılaşma tələb edirdi. 1921-ci ilin əvvəllərindən Moskvada başlanılan danışıqlarda Rusiya tərəfindən XXİK G.Çiçerin və RSFSR MİK üzvü C.Qorxmazov, Türkiyə tərəfindən isə xarici işlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti iştirak edirdi.

Müzakirələr çox gərgin keçmiş və hətta danışıqlar bəzən pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət yetirilmişdi. Türkiyənin Naxçıvan məsələsinə böyük önəm verməsi danışıqlarda açıq-aşkar görünürdü. Heç təsadüfi deyil ki, Mustafa Kamal Paşa Naxçıvanın türk qapısı olduğunu bildirirdi. Y.Kamalın xatirələrindən bəlli olur ki, danışıqlarda Naxçıvana dair müzakirələr xeyli uzanmış, İ.Stalin "Naxçıvan üzərində nə üçün bu qədər israr edirsiniz" sualını da "orası türk qapısıdır, ondan" cavabını almışdı.

Moskva danışıqlarında Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi B. Şahtaxtinski də iştirak etmiş və uğurlu nəticənin əldə edilməsində mühüm xidməti olmuşdur. Belə ki, O, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Cənubi Qafqazda sərhəd məsələləri, xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Lenin sənədlərlə tanış olduqdan sonra onu Siyasi Büroya göndərmişdi. B. Şahtaxtinskinin məktubuna martın 16-da Stalinin, Çiçerinin və digərlərinin iştirakı ilə baxılmış və onun təklifləri nəzərə alınmaqla Azərbaycanın himayəsində Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar qəbul olunmuşdu.

Beləliklə, 16 mart 1921-ci il tarixində Rusiya və Türkiyə arasında Moskva müqaviləsi imzalanmışdır. Bu müqavilənin bizim üçün maraqlı olan tərəfi məhz Naxçıvanla bağlı idi. Moskva müqaviləsinin 3-cü maddəsində qeyd edilir ki, imzalayan tərəflər müqavilənin 1 (C) əlavəsində qeyd edilən sərhədləri ilə Naxçıvan kəsiminin qoruyuculuq haqqının heç bir zaman 3-cü bir tərəfə verməmək şərti ilə Azərbaycanın himayəsində muxtar bölgə qurulması haqqında razılığa gəliblər.

Bir qədər sonra - 1921-ci ilin 12 oktyabr tarixində isə Moskva müqaviləsinin müddəaları Qars sazişi ilə möhkəmləndirilmişdir. Qars müqaviləsinin 5-ci maddəsinə əsasən, Türkiyə hökuməti, Sovet Ermənistanı və Sovet Azərbaycanı Naxçıvanın (3-cü əlavədə göstərilən sərhədlər daxilində) Azərbaycanın himayədarlığı altında muxtariyyət statusunda olmasına razılıqlarını bəyan edirlər.

Ümumilikdə, Moskva müqaviləsi 16 maddədən ibarətdir.

Müqavilədə RSFSR hökumətinin Türkiyəyə aid olan və Böyük Millət Məclisində təmsil olunan Türkiyə milli hökuməti tərəfindən tanınmayan heç bir beynəlxalq müqaviləni tanımadığı qeyd olunmuşdur.

Bundan başqa, Türkiyənin Batum şəhəri və liman üzərindəki suverenliyini Gürcüstana güzəştə getməyə razı olduğu əks olunmuşdur. Bir şərtlə ki, bu ərazilərə geniş muxtariyyətin verilməsi və Türkiyədən gələn və Türkiyəyə gedən hər cür malların sərbəst tranzitinə imkan veriləcək.

Müqavilədə hər iki tərəfin Naxçıvan əyalətini Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razı olduğu əksini tapmışdır. O şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü dövlətə güzəştə getməyəcək.

Sənəddə xalqların öz azadlıqlarına uyğun idarə formasını seçməsi qeyd olunmuşdur. V maddəsində boğazlardan azad ticarət edilməsi əksini tapmışdır.

Müqavilədə bu vaxta kimi hər iki tərəf arasında imzalanmış qeyri-bərabər müqavilələrin ləğv edilməsi qeyd olunmuşdur.

Müqavilədə qeyd olunur ki, Sovet Rusiyası və Türkiyə kapitulyasiya rejiminin ləğv olunması barədə razılığa gəlir.

Hər iki tərəfin öz ərazisində digər ölkənin hökuməti roluna və ya onun ərazisinin bir hissəsinə iddia edən təşkilat və ya qrupların yerləşməsinə yol verməməyi öz öhdələrinə götürür.

Razılığa gələn tərəflər hər iki ölkə arasında əlaqələrin fasiləsizliyini təmin etmək məqsədilə qarşılıqlı razılıq üzrə dəmir yolu, teleqraf və digər əlaqə vasitələrini saxlamaq və mümkün olduqca inkişaf etdirmək, həmçinin, iki tərəf arasında insanların və malların azad və maneəsiz hərəkətini təmin etmək üçün lazım olan bütün tədbirləri görməyi öz öhdələrinə götürdükləri əks olunmuşdur.

Müqavilədə hər iki tərəfin ərazisində olan vətəndaşlarına ölkənin qanunlarından irəli gələn bütün hüquq və azadlıqların şamil olunması qeyd edilmişdir.

Sənəddə razılığa gələn hər iki tərəfdən hər birinin digər tərəfin ərazisində olan vətəndaşlarına daha əlverişli şərait prinsipinin tətbiq etməyə razı olduğu göstərilmişdir.

Müqavilədə 1918-ci ilədək Rusiyanın tərkib hissəsi olan, bu müqavilə ilə Türkiyənin suverenliyi altına keçən və RSFSR hökumətinin tanıdığı ərazilərin hər bir sakininin öz əşyaları və əmlakı ilə birlikdə Türkiyəni sərbəst tərk etmək hüququnun olduğu qeyd olunmuşdur.

Sənəddə əsirlərin qaytarılması məsələsi və konsulluq məsələsinin həll edilməsi də əksini tapmışdır.

Eyni zamanda, müqaviləyə əsasən, Sovet Rusiyası Türkiyəyə təmənnasız olaraq silah və hərbi sursat, həmçinin 10 min rubl (qızılla) verirdi.

16 mart müqaviləsinin I (C) əlavəsində Naxçıvanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirildi: “Ararat stansiyası-Saray Bulaq dağı-Kömürlü dağı-Sayat dağı-Kürd-qulaq dağı-Həməsur dağı-Küküdağ və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”. Naxçıvan müsəlmanları bir daha soyqırımına məruz qalacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirildi.

Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə görə, qədim türk-oğuz yurdu olan Naxçıvana muxtariyyət statusu verilməklə, Azərbaycanın himayəsində qaldı. Bütün bunlarla bərabər, erməni daşnakları XX əsr boyu Naxçıvan iddialarından əl çəkməmiş, 90-cı illərin əvvəllərində buraya silahlı basqınlar etmiş, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşmışlar. Son illərdə isə onlar bu barədə bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət etmişlər.

Həmin hadisələrdən 100 il keçməsinə baxmayaraq, Ermənistan dövləti, Rusiyadakı erməni diasporu hələ də Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi tələbi ilə çıxış etməkdədir. Hətta bir neçə dəfə erməni ictimai fəallar Ermənistan parlamentinə və Rusiya Dövlət Dumasına müraciət edərək Moskva müqaviləsinin ləğvini tələb ediblər. Ələlxüsus ötən il Vətən müharibəsinə qədər bir çox tanınmış erməni ekspertlər Ermənistan və Rusiya KİV-ində Türkiyə və Rusiya arasında imzalanan bu sazişlərin qeyri-qanuni olmasını bildirərək Türkiyənin şərq əyalətlərinə və Naxçıvana iddialar ortaya atmaqda idilər. Qeyd etmək yerinə düşər ki, Moskva və Qars müqavilələri ilə bağlı ermənilərə oxşar təkliflər bəzi rus ictimai-siyasi fəallar tərəfindən də atılmaqdadır.

Bu gün 100 yaşı tamam olan Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri aradan qaldırdı, Cənubi Qafqazla bağlı hər iki tərəfin baxış bucağını hüquqi müstəvidə möhkəmləndirdi. Eyni zamanda, bu müqaviləyə əsasən, qədim Azərbaycan torpağı olan Naxçıvan dövlətimizin ərazisi kimi tanındı.

Beləliklə, XX əsrin əvvəllərində “Türk qapısı”nı aradan qaldırmağa çalışan böyük güclər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silmək üçün ciddi işlər görməkdə idilər. 1920-ci ilin 30 noyabr-1 dekabr tarixində Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi məhz həmin siyasətin bariz nümunəsi idi. Lakin sevindirici haldır ki, üstündən 100 il keçəndən sonra müstəqil Azərbaycan Respublikası bu mənfur layihənin bundan sonra davam etməsinə son qoydu. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Azərbaycanın əsas hissəsi, Türkiyə və Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətləri bərpa ediləcək.

Erməni işğalına məruz qaldığımız, Naxçıvan Muxtar Respublikasına erməni iddialarının artdığı indiki zamanda Moskva beynəlxalq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə nəzərə çarpır və Naxçıvanın muxtariyyətinin qorunmasında əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətinə səfəri zamanı Moskva və Qars müqavilələrini söhbət mövzusuna çevirmiş, bir sıra məsələləri dərindən açıqlamış və bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirmişdi.

Beləliklə, 100 il əvvəl Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsi beynəlxalq Moskva müqaviləsi ilə müddətsiz dövr üçün rəsmiləşdirilib. Ermənistan və erməni diasporu isə yaxşı olardı ki, Naxçıvanla bağı iddialarından birdəfəlik vaz keçsinlər. Ermənistan unutmasın ki, 100 il sonra Zəngəzurun Ermənistana verildiyi noyabr ayında tarixi Azərbaycan torpaqları üzərində “dəhliz” yaratmağı bacaran müstəqil respublikamız öz hədəflərinə ardıcıl şəkildə çatacaq.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov