“Yeni Çağırışlar”da Türkiyənin təhsil təcrübəsidən danışılıb Hadisə

“Yeni Çağırışlar”da Türkiyənin təhsil təcrübəsidən danışılıb

Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb. "T-Network"dan təhsil işçilərinin təcrübə və kommunikasiya platformasından bildirilib ki, buraxılışda Türkiyənin Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğlu Türkiyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında fikirlərini bölüşüb.
“Yeni Çağırışlar”ın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsimi qonağı izləyicilərə yaxından təqdim edib. C.Mənsimi bildirib ki, Səlcuq Pəhləvanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə heyətinin və Qəyyumlar Şurasının sədridir.
Qeyd olunub ki, Türkiyə Təhsil Dərnəyi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, “tedmem” düşüncə qurumu, eləcə də simfonik orkestri və digər qurumları ilə fəaliyyət göstərir.
Qonaq dəvət üçün təşəkkürünü bildirib və əsarət altıdan torpaqlarını azad etməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. S. Pəhlivanoğlu təhsilin məqsədi haqqında danışarkən qeyd edib ki, prezidenti olduğu qurumda uşaqlara uğurlu yox xoşbəxt olmaları üçün təhsil verilir. Qonaq fikrini belə əsaslandırıb ki, uğur imtahan nəticələri ilə ölçülür. Xoşbəxtlik isə insanın özünü tanıması, özü ilə barışıq olması ilə əlaqəlidir. Buna görə bizim təhsil prosesində incəsənət və sosial fəaliyyət də mərkəzdə yer alır.
TED prezidenti təhsilalanların qiymətləndirilməsi barədə fikirlərini paylaşarkən qeyd edib ki, TED-də qiymətləndirmənin məqsədi fərqlidir. “İmtahanlar biliyin qiymətləndirilməsini deyil, yetkinliyi, səriştəni ölçmək məqsədi daşıyır. Çünki biliyi ölçən imtahanlar əzbərçiliyə söykənir, səriştəni ölçmək məqsədilə keçirilən imtahanlar isə mühakiməni, yaradıcıllığı dəyərləndirir. PISA kimi qiymətləndirmə proqramları da səriştəni, təməli bacarıqları, ölçür. Bizim məqsədimiz uşaqları imtahana hazırlamaq yox, həyata hazırlamaq olmalıdır.
Tanrıdan sonra gələcəyi dəyişdirə biləcək yeganə məxluq müəllimdir. Müəllim tək bir qığılcımla gələcəyi işıqlandıra bilər”- deyən qonaq 2015-ci ildə TED-in təqdim etdiyi “Milli təhsil proqramı” haqqında da danışıb. Vurğulayıb ki, Milli proqramda məktəb müdiri yox, təhsil lideri, il boyu açıq məktəblər, müstəqil monitorinq mərkəzləri kimi təkliflər yer alıb. Çünki məktəblərin yay tətilində tamamilə bağlanması düzgün deyil. Yay tətillərində yoxsul uşaqlar üçün kurs təşkil etmək olar. Məktəb müdirlərini müəllimlərin arasından da seçmək düzgün deyil. Çünki idarəçilik bir karyera, peşədir və həmin şəxs mütləq liderlik bacarığına malik olmalıdır. Bütün qiymətləndirilmələr müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir.
Məktəbi səhər evdən çıxıb, axşam evə geri dönəcəyimiz yerə deyil, inkişaf məkanına çevirməliyik. Bunun üçün məktəblər dərs əzbərləmə yeri yox, bacarıqların önə çıxmasına səbəb olan təhsil ocağına çevirməlidir. Məktəblərdə idman, musiqi, incəsənət kimi fənləri riyaziyyat qədər dəstəklənməlidir. Qonaq buna misal olaraq məzunlardan və müxtəlif peşə sahiblərindən ibarət olan TED simfonik orkestrini, basketbol, voleybol komandalarını nümunə göstərib.
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Səlcuq Pəhləvanoğlu belə cavablandırıb: “Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir. Bunu nəzərə alsaq 1-ci guşə qlobal şüuru, 2-ci guşə yaradıcılığı, 3-cü tənqidi düşüncəni, 4-cü liderliyi təmsil etməlidir.5-ci guşə isə sosial və mədəniyyətlərarası səriştəni, 6-cı guşə öhdəlik götürməyi və təşəbbüskarlığı, 7-ci media savadlılığını, 8-ci guşə isə maliyyə və rəqəmsal savadlılığı əks etdirməlidir”. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış olmaq olar.