Çinin Azərbaycana təmənnasız verdiyi COVID-19 peyvəndinin təqdim edilməsinə dair təhvil-təslim Aktı imzalanıb Hadisə

Çinin Azərbaycana təmənnasız verdiyi COVID-19 peyvəndinin təqdim edilməsinə dair təhvil-təslim Aktı imzalanıb

Bu gün Azərbaycan Səhiyyə Nazirliyində Çin Xalq Respublikası (ÇXR) tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, tədbirdə səhiyyə nazirinin müavini Viktor Qasımov, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qo Min çıxış ediblər.

Səhiyyə nazirinin müavini Viktor Qasımov Çin tərəfinin nümayəndələrinə ölkəyə gətirilən vaksinlərə görə minnətdarlığını bildirib. Çin Xalq Respublikasının etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini COVID-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Çin səfiri Qo Min çıxışında ÇXR Hökumətinin Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150 000 doza peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə edib.

Səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

Səfir Qo Min Çin və Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd edib.

XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən COVID-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə edib. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini məmnunluqla qeyd edib.

Ramil Rzayev Azərbaycan və Çin arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırıb. O, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini əminliklə qeyd edərək, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha da genişlənəcəyini vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalanıb