
Bu mövzuda elmi-praktiki konfrans keçirilib
Dünən Bakıda "Dövlət qulluğunda meritokratiya, etika və innovasiyalar" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrans dövlət qulluqçularının peşə bayramına həsr olunub.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açıb. U. Ələkbərov çıxışında bildirib ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur: "Dövlət Qulluqçularının peşə bayramı prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən 23 iyunun BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bizim akademiyada dərs deyir. O, nə bir dəfə dərsə gecikib, nə də bir dəfə olsun dərsdən tez çıxıb. Bu, böyük məsuliyyətin göstəricisidir. Həm də gənc nəsil üçün bir nümunədir".
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov "Meritokratiya, innovasiya və qulluq etikası effektiv dövlət qulluğunun əsas amilləri" mövzusunda məruzə ilə çıxış edib.
B. Xəlilov məruzəsində dövlət qulluğunda Azərbaycan modelinin mövcud olduğunu söyləyib: "Azərbaycanda dövlət qulluğu sahəsinə xüsusi diqqət yetirilir. Artıq bu gün əminliklə deyə bilərik ki, dövlət qulluğu sahəsində Azərbaycan modeli mövcuddur. Avropa İttifaqının "Şərq tərəfdaşlığı"nı əhatə edən Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistan bizim modelə yaxınlaşa bilməyib. Çox şükür ki, biz buna nail olduq. Təbii ki, çatışmazlıqlar da var. Ancaq ən əsası dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflıq mövcuddur. Bu həm Komissiyanın, həm Dövlət İdarəçilik Akademiyasının, həm də bizimlə əməkdaşlıq edən dövlət orqanlarının uğurudur. Bu yaxınlarda Qazaxıstanın Astana şəhərində 7-ci Qlobal Forumda dövlət idarəçilik paneli keçirilirdi. Azərbaycanın dövlət qulluğunun təqdimatı iştirakçılara təsir etdi. Postsovet ölkələrinin nümayəndələrin bizim təcrübəni öyrənmək istəyirdilər. Onu da qeyd etmək istəyirəm ki, dövlət qulluğu sahəsində çalışan insanlar məsuliyyətli olmalıdırlar".