Teymur Rzayev: Behiç Erkinin tariximizdəki rolunu öyrənmək portretin çəkilməsi ilə bağlı məsuliyyəti ikiqat artırdı Mədəniyyət

Teymur Rzayev: Behiç Erkinin tariximizdəki rolunu öyrənmək portretin çəkilməsi ilə bağlı məsuliyyəti ikiqat artırdı

İstanbul şəhər Metropoliteninin Asiya qitəsi üzrə Əsas İdarəetmə Mərkəzinə Bahiç Erkinin adının verilməsi ilə bağlı qərar qəbul edildikdə mərkəzdə yerləşdiriləcək portret məsələsi gündəmə gəldi. Bununla bağlı mənə müraciət olundu. Behiç Erkinin həyat və fəaliyyətini, Azərbaycanda gördüyü işlər və 1918-ci ildə ölkəmizdə Jandarma Təşkilatının qurucusu olduğunu öyrəndim. Tariximizdə xüsusi yeri olan çox dəyəli bu insanın portretini çəkməyi böyük məmnuniyyətlə qəbul etdim. Bu məlumatlar mənim üçün məsuliyyəti iki qat artırdı. Portretin azərbaycanlı rəssam tərəfindən çəkilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasındakı tarixi əlaqələri də özündə əks etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda açılan mərkəzdə Behiç Erkin guşəsi və onun portretini hazırlayan Azərbaycan Respublikasının Əməkdar rəssamı, professor Teymur Rzayev bildirib.

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin tarixin ən dərinliklərindən gəldiyini vurğulayan rəssam deyib: “Bu əlaqələrin qorunub saxlanılması baxımından Behiç Erkin kimi insanların tariximizdə oynadıqları rollar çox vacibdir. Bu şəxsiyyət haqqında öyrəndiklərim mənim üçün yeni üfüqlər açdı və bunun işığında yaratdığım portretin insanlar tərəfindən bəyənilərək qəbul edilməsi təbii ki, mənim üçün qürurverici haldır”.

Əsəri təxminən bir ay yarım müddət ərzində hazırladığını bildirən professor portretin Behiç Erkin mərkəzində olmasını Azərbaycan-Türkiyə birliyinin növbəti nümunəsi kimi qiymətləndirib.