Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib Mədəniyyət

Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə teatrın direktoru Kazım Qasımov dövlət müstəqilliyimizin tarixindən, Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında müstəsna xidmətlərindən, habelə müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymətdən danışıb.
"Hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun Azərbaycan xalqının mücadilə tarixinə böyük Qurtuluş nidası ilə həkk olunub. 1990-cı illərdə Azərbaycan dövlət müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşmiş, hakimiyyət böhranı yaranmış, rəhbər vəzifələrə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi.1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu"- deyə, sənət ocağının direktoru söyləyib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) "Mahnı Teatrı" ilk ərazi təşkilatının sədri Zülfiyyə Mövsümovanın Milli Qurtuluş Günü ilə bağlı məruzəsi dinlənilib. Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıdan bəhs edən natiq deyib ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub, onun siyasəti nəticəsində mədəniyyətimiz, maddi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb.
Sonra Xalq Artisti Gülyanaq Məmmədova, Əməkdar Artist Salman Qəmbərov və başqaları Ulu Öndərin mədəniyyət xadimlərinə diqqət və qayğısından, habelə dövlətçiliyimizin inkişafında xidmətlərindən danışıblar.