Mirzə Şəfi Vazehin 220 illik yubileyi Mədəniyyət

Mirzə Şəfi Vazehin 220 illik yubileyi

Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə hazırlıq işlərinə başlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə xüsusi komissiya yaradılıb və tədbirlər planı müzakirə edilib. Komissiyanın sədri şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib ki, tədbirlər planında bir sıra məsələlər öz əksini tapıb.
"Mirzə Şəfi Vazehin 220 illiyi münasibəti ilə Gəncədə şairin adına park salınır. Bundan başqa parkda onun heykəli və ev muzeyi də olacaq. Yubiley tədbirlərinin mayın 25-30 keçirilməsi nəzərdə tutulur. Bu vaxta kimi nəzərdə tutulan işlər yerinə yetiriləcək" deyən E. Vəliyev bildirib ki, Mirzə Şəfi Vazehin Almaniyada çap edilən əsərlərindən ibarət 5 kitab Gəncəyə gətirilib və onlar ana dilinə tərcümə ediləcək.
Tədbirdə şairin yubileyi ilə bağlı təhsil, mədəniyyət, incəsənət, yaradıcı təşkilatlar, ümumilikdə bütün qurumlar qarşısında duran vəzifələr geniş müzakirə olunub, tədbir iştirakçılarının arzu və təklifləri dinlənilib. Yubiley tədbirləri çərçivəsində rəsm əsərlərindən ibarət sərgilər, müsabiqələr, ədəbi- bədii gecələr, bilik yarışları və digər tədbirlər keçiriləcək. Ali təhsil müəssisələrində əlaçı tələbələr üçün Mirzə Şəfi Vazeh adına təqaüd veriləcək.
Yığıncaqda M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi ilə bağlı elm, təhsil, mədəniyyət və incəsənət işçilərindən ibarət xüsusi komissiya yaradılıb və tədbirlər planı təsdiq edilib.